No:350/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Fransanın Avropa və xarici işlər naziri Jan-Iv Lö Drian ilə görüşünə dair məlumatı

24 sentyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Fransanın Avropa və xarici işlər naziri Jan-Iv Lö Drian ilə görüşüb.

Görüş zamanı nazirlər Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparıb, münasibətlərin xüsusilə siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu qarşılıqlı olaraq ifadə ediblər.

Nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verərək, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi və saxtalaşdırılması faktları barədə ətraflı məlumat verib.

Azad edilmiş ərazilərin onilliklər ərzində Ermənistan tərəfindən məqsədli şəkildə, insan həyatına başlıca təhdid olan mina və digər partlayıcılarla çirkləndirilməsinin doğurduğu humanitar fəsadlar qarşı tərəfin diqqətinə çatdırılıb. Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı beynəlxalq humanitar hüquq öhdəliyini yerinə yetirməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin nazir Ceyhun Bayramov Azərbaycanın münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşmasının tərəfdarı olduğunu bildirib və bu istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə məlumat verib. Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə vermək niyyətində olan bütün tərəflərlə əməkdaşlığa hazır olduğu vurğulanıb.

Nazirlər, həmçinin beynəlxalq gündəlikdə olan cari məsələlər, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti