No:347/24, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Kanada xarici işlər nazirinin bəyanatına cavab şərhi
Kanadanın xarici işlər naziri Melani Jolinin sentyabrın 22-də verdiyi bəyanatı qətiyyətlə pisləyir və tamamilə rədd edirik.
Kanadanın xarici işlər naziri beynəlxalq hüququn norma və prinsipləri əsasında 4 il əvvəl Ermənistanla Azərbaycan arasında münaqişənin bitdiyi regionumuzdakı reallıqlarla tanış olmaq əvəzinə, növbəti dəfə manipulyasiya və faktları təhrif etməklə məşğuldur. O həmçinin 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna və onun ərazimizdə dəstək verib saxladığı separatçı rejimə son qoyulduğu Qarabağ bölgəsi üzərində Azərbaycanın suverenliyinin tam bərpa olunması faktından da xəbərsizdir.
Kanada xarici işlər nazirinin Qarabağ bölgəsi ilə bağlı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan, separatizmi dəstəkləyən iddiaları Kanadanın xarici siyasətinin nə qədər “dahi” və “uzaqgörən” olduğunu nümayiş etdirir.
Təəssüflər olsun ki, Kanada rəsmiləri Ermənistanın 30 ilə yaxın hərbi təcavüzü zamanı azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə, qırğınlar və bəşəriyyətə qarşı cinayətlər barədə susmaqla yanaşı, Azərbaycanın öz suveren ərazilərində heç bir mülki şəxsi hədəf almadan həyata keçirdiyi antiterror tədbirləri barədə erməni diasporu tərəfindən təbliğ olunan yalan rəvayətlər yayırlar.
Kanadalı nazirin Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərindən olan 1 milyona yaxın məcburi köçkünün və Ermənistandan zorla deportasiya edilmiş şəxslərin vəziyyətinə və ayrılmaz hüquqlarına heç vaxt dəstək və maraq göstərmədiyi halda, regionda humanitar böhranla bağlı iddialar Kanadanın Azərbaycana qarşı açıq qərəzli mövqeyinin göstəricisidir.
Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur.
Bir daha bildiririk ki, bu cür təxribatçı və qərəzli bəyanatlar regionun beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneədən başqa bir şey deyil.