No:347/23, Nazir Ceyhun Bayramovun Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşünə dair mətbuat məlumatı

21 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.

 

Görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, Ukraynada vəziyyət, və bölgəmizdə post-münaqişə səyləri müzakirə olunub.

 

Nazir Ceyhun Bayramov Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində iki ölkənin müxtəlif, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu bildirib. Nazir, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyən Azərbaycanın Ukrayna ətrafında yaranmış böhran ilə əlaqədar göstərdiyi humanitar yardımları bundan sonra da davam etdirəcəyi bildirilib.

 

Nazir Ceyhun Bayramov, həmçinin bölgədə mövcud vəziyyət, post-münaqişə dövründə Azərbaycanın sülh və quruculuq səyləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, mövcud çağırışlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

 

Nazir Dmitro Kuleba, Azərbaycan və Ukrayna arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıqdan məmnunluqla bəhs edərək, bu istiqamətdə iki ölkənin liderləri arasında intensiv xarakter daşıyan təmasların rolunu vurğulayıb. Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım məmnunluqla və minnətdarlıqla qeyd olunub.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti