No:345/23, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ukrayna Bərpa Konfransında çıxışı, 21-22 iyun 2023, London
Zati-aliləri,
Hörmətli nümayəndələr,
Xanımlar və cənablar,
Bu vacib konfransın təşkilatçılarına minnətdarlığımı bildirməklə başlamaq istərdim.
Azərbaycan Ukraynada mövcud olan böhranın Avropada sülhü və təhlükəsizliyi hədələməkdə davam etməsi, ciddi humanitar əzablara səbəb olmasından dərin təəssüf hissi keçirir. Azərbaycan, bu böhranın Ukraynanın suverenliyi və ərazi bütövlüyü əsasında tezliklə nizamlanmasının tərəfdarıdır. Böhranın ağır humanitar fəsadları mülki əhalinin əzablarının azaldılması üçün operativ tədbirlərin görülməsini tələb edir.
Dərman və digər tibbi ləvazimatlardan ibarət ilk humanitar yardımımız 27 fevral 2022-ci ildə, ardınca isə əsasən dərman və qida məhsullarından ibarət növbəti humanitar yardımlarımız Ukraynaya çatdırıldı. Su boruları, su nasosları, xilasedici jiletlər, şişmə qayıqlar, üzgüçülük kombinezonları və müvafiq əşyalar daxil olmaqla ən son yardım 10 iyun 2023-cü ildə Ukraynaya çatdırılıb. Hazırda Azərbaycanın Ukraynaya humanitar yardımının həcmi 1000 tondan və 20 milyon ABŞ dollarından çoxdur.
1990-cı illərin əvvəllərindəki ağrılı təcrübəmizdən bilirik ki, uşaqlar cəmiyyətin ən həssas təbəqələrindən biridir və müharibələr və silahlı qarşıdurmalar zamanı daha çox qorunma və xüsusi qayğıya ehtiyac duyurlar. Bununla əlaqədar olaraq, ölkəmiz Ukraynadan olan yüz uşağa Azərbaycanda bütün xərclər qarşılanmaqla tibbi və sosial-psixoloji reabilitasiya üzrə xidmətlər göstərib. İlin sonuna qədər bu rəqəmi iki dəfə artırmağı planlaşdırırıq. Beynəlxalq birliyin məsuliyyətli bir üzvü kimi Azərbaycan mülki əhalinin əzablarını yüngülləşdirmək məqsədilə Ukrayna xalqına humanitar yardım göstərməyə davam edəcək.
Azərbaycan post-münaqişə dövründə bərpa və quruculuq sahəsində bilavasitə təcrübəyə malikdir. Azərbaycan öz ərazilərini Ermənistanın onilliklər boyu davam edən təcavüzündən azad etdikdən sonra keçmiş münaqişə nəticəsində zərər çəkmiş ərazilərində genişmiqyaslı bərpa işlərinə başlayıb. Burada əsas maneə minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməkdən imtina edən və Azərbaycanın suveren ərazilərində mina təhdidini davam edən Ermənistan tərəfindən bu ərazilərin minalarla kütləvi şəkildə çirkləndirilməsidir. Mövcud çətinliklərimizə baxmayaraq, Azərbaycan tezliklə Ukraynaya humanitar minatəmizləmə əməliyyatlarının aparılması məqsədilə mina təmizləmə maşını təqdim edəcək.
Azərbaycanın post-münaqişə dövründə bərpa təcrübəsi Ukrayna da daxil olmaqla digər ölkələrlə bölüşməyə dəyər ən uğurlu təcrübədir. Bu sahədə Ukraynaya dəstəyimiz artıq 2022-ci ildə İrpin şəhərində məktəbin tam yenidən qurulmasına göstərilən dəstəklə başlamışdır.
Bu gün elan etmək istərdim ki, Azərbaycan Ukraynada bərpa və yenidənqurma səylərinə, xüsusən də elektrik avadanlıqlarının tədarükü və İrpin şəhərində yenidənqurma layihələrinin icrası ilə daha çox töhfə verməyi planlaşdırır. Göstərilən yardımların ümumi məbləğinin ən azı 10 milyon ABŞ dolları olması gözlənilir.
Təşəkkür edirəm.