news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 noyabr 2017

No:342/17, Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə görüşüb

Nazirlər 2017-ci ilin Kosta Rika və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi ilə əlamətdar olduğunu qeyd edərək, ötən 20 il ərzində iki ölkə arasında mövcud siyasi dialoq və qarşılıqlı anlaşmanın müsbət inkişafından məmnunluq ifadə etdilər.

Elmar Məmmədyarov Kosta Rikanın Azərbaycanda Səfirlik təsis etmə qərarının yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. Nazirlər hər iki ölkədə diplomatik missiyaların mübadiləsinin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yeni bir təkan verəcəyinə əminlik ifadə etdilər.

Nazir Elmar Məmmədyarov iyun ayında Kosta Rikaya rəsmi səfərini xoş təəssüratlarla xatırlayaraq keçirilmiş məhsuldar görüşlərin, səfər çərçivəsində baş tutmuş siyasi məsləhətləşmələri iki ölkə arasında münasibətlərin müxtəlif sahələrində irəlilədilməsinə töhfə verəcəyinə ümidvar olduğunu qeyd etdi.

Nazirlər həmçinin ikitərəfli münasibətlərin irəlilədilməsi baxımından parlament diplomatiyasının xüsusi rol oynadığını bildirərək, parlament nümayəndə heyətlərinin mübadiləsinə dair ortaq təşəbbüslə çıxış etdilər.

Manuel Qonzales Sanz Azərbaycanda olmağından və ölkələrimiz arasında siyasi dialoqun və dostluğun inkişafının məmnunluq duyduğunu nəzərə çatdırdı.

Nazirlər Azərbaycan və Kosta Rikanın bir-birlərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan etdilər. Onlar həmçinin gücdən istifadə ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğuladılar.

Tərəflər iqtisadi-ticarət, turizm, enerji, logistika, limanlar və gəmiçilik, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd etdilər və bu xüsusda işgüzar dairələr arasında birbaşa təmasların təşviq edilməsinin vacibliyini vurğuladılar.

Nazirlər həmçinin qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında geniş müzakirələr apardılar.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti