No:339/17, Xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin Sahə Missiyaları və Texniki Əməkdaşlıq Departamentinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin Sahə Missiyaları və Texniki Əməkdaşlıq Departamentinin rəhbəri Jorjet Qanyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
X.Xələfov Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirdi. Eyni zamanda, BMT-nin müxtəlif müqavilə qurumları ilə hərtərəfli və konstruktiv müzakirələrin aparıldığını və ölkəmizin BMT-nin İnsan Hüquqları Şurasının xüsusi prosedurlar üzrə mandat daşıyıcıları ilə əməkdaşlığın səmərəliliyini vurğuladı.
Nazir müavini ölkəmizdə insan hüquqları və əsas azadlıqlarının təmin olunmasına dövlət tərəfindən xüsusi diqqət yetirildiyini, bu sahədə mövcud olan milli qanunvericiliyinin təkmilləşdirildiyini, məhkəmə-hüquq sistemində mütəmadi olaraq islahatların aparıldığını, QHT-ın fəaliyyəti ilə bağlı prosedurların sadələşdirildiyini, vətəntdaş cəmiyyətinin möhkəmləndirildiyini və insan hüquqları sahəsində davamlı olaraq milli fəaliyyət proqramlarının qəbul edildiyini qeyd etdi.
Jorjet Qanyonun təmsil etdiyi qurumun Azərbaycan Hökuməti ilə mövcud əməkdaşlığa böyük önəm verdiyini və ölkəmizin BMT-nin Dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi istiqamətində atdığı addımların təqdirəlayiq olduğunu bildirdi.
X.Xələfov ölkədə insan hüquqlarının bütövlükdə təmin olunmasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əngəl təşkil etdiyini, Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü və onların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulduğunu lakin dünya ictimaiyyəti, o cümlədən beynəlxalq qurumlar tərəfindən məsələyə lazımı dərəcədə diqqət göstərilmədiyini qarşı tərəfin diqqətinə çatdırdı.
İşğalçı qüvvələrin beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq öz doğma torpaqlarını ziyarət edən məcburi köçkün Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürməsi və onların azadlıqdan məhrum etməsi faktlarına birmənalı qiymətin verilməsi vacibliyi vurğulandı və bu barədə fikir mübadiləsi aparıldı.