No:335/17, Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Terrorçuluqla mübarizə və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Çen Qopinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının Terrorçuluqla mübarizə və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Çen Qopinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
E.Məmmədyarov Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə etdi və bu baxımdan iki ölkənin dövlət başçılarının dostluq münasibətlərinin, həmçinin son dövrlər intensivləşən səfərlər mübadiləsinin rolunu xüsusi vurğuladı.
Azərbaycanın Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü yaxından dəstəklədiyini deyən E.Məmmədyarov 30 oktyabr 2017-ci il tarixində istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolunun bu çərçivədə yük və sərnişin daşınması baxımdan əməkdaşlıq üçün geniş imkanlar yaratdığını nəzərə çatdırdı. Həmçinin, Azərbaycan iqtisadiyyatının xüsusilə qeyri-neft sektorunda Çin şirkətlərinin daha fəal şəkildə təmsil olunmasında ölkəmizin maraqlı olduğunu dedi.
Çen Qopinq Çin hökumətinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirdi və iki ölkənin əməkdaşlığı üçün böyük potensialın olduğunu qeyd etdi. Azərbaycanın İpək Yolunun vacib iştirakçılarından biri olduğunu qeyd edən Çen Qopinq “Bir Kəmər, Bir yol” layihəsinə Azərbaycanın yaxından iştirakına ümidvar olduğunu diqqətə çatdırdı.
Çen Qopinq Azərbaycan və Çin hökumətləri arasında strateji əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin terrorizmə qarşı mübarizə sahəsində də davam etdirilməsinin vacibliyini vurğuladı. Bu xüsusda, E.Məmmədyarov Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizəni dəstəklədiyini və beynəlxalq təşkilatlar çərçivəsində bu sahədə irəli sürülən təşəbbüslərlə bağlı Çinlə Azərbaycanın eyni mövqedən çıxış etdiyini vurğuladı.
Görüşdə beynəlxalq və regional xarakterli digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.