No:331/21, Azərbaycan Respublikası Xarici İşlər nazirliyinin mətbuat xidməti idarəsinin Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında keçirilmiş növbəti siyasi məsləhətləşmələrə dair məlumatı
16 sentyabr 2021ci il tarixində Zaqreb şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Xorvatiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyi arasında məsləhətləşmələrin növbəti iclası keçirilib.
Məsləhətləşmələrdə Xorvatiya tərəfini Xarici və Avropa İşləri Nazirliyinin siyasi məsələlər üzrə dövlət katibi Frano Matuşiç və siyasi məsələlər üzrə direktoru Petar Mihatov, Azərbaycan tərəfini isə xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib.
Görüş zamanı iki ölkə arasındakı münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, tərəflər Xorvatiya Xarici və Avropa İşləri nazirinin Azərbaycan Respublikasına nəzərdə tutulan səfəri və Azərbaycan Respublikası Hökuməti ilə Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın 2-ci iclasına hazırlıq məsələləri müzakirə edilib.
Azərbaycan tərəfi bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə ətraflı məlumat təqdim edib.
Xarici işlər nazirinin müavini Fariz Rzayevin Xorvatiyaya səfəri çərçivəsində Xorvatiya Prezidentin administrasiyası, Baş Nazirin ofisi və Parlamentində (Sabor) ikitərəfli görüşləri baş tutub.