news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 oktyabr 2019

No:330/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində  Serbiya Respublikasının Baş nazirinin birinci müavini, Xarici İşlər naziri İvitsa Daçiç ilə görüşüb

Tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu bildirdilər. Bu xüsusda, nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında tezliklə həllinə dair Serbiyanın prinsipial mövqeyinə görə minnətdarlığını ifadə etdi.

Nazirlər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrdə, xüsusilə də iqtisadi sahədə daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxundular. Azərbaycan Respublikası ilə Serbiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti və biznes forumlarının təşkilinin ikitərəfli əməkdaşlığın zəngin potensialından daha səmərəli şəkildə faydalanmağa  əlavə təkan verə biləcəyi vurğulandı və bu istiqamətdə səylərin artırılacağına dair razılıq əldə olundu.

Nazir İ.Daçiç Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair ümidi ifadə etdi və nazir Elmar Məmmədyarovu öz ölkəsinə səfər etməyə dəvət etdi.

Görüş əsnasında həmçinin qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti