No:330/18, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun QDİƏT üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında çıxışı
Zati-aliləri,
Baş katib,
Xanımlar və cənablar,
İlk növbədə, sizləri burada, Bakıda QDİƏT üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında ürəkdən salamlamaq və bu müzakirələrə qoşulmaq ilə bağlı dəvətimizi qəbul etdiyiniz üçün təşəkkürümü bildirmək istərdim.
“Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı ilə Azərbaycanın QDİƏT sədrliyi regional bağlantı məsələlərinə diqqət ayırmışdır və əminəm ki, Xarici İşlər Nazirləri Şurasının bugünkü 39-cu iclası fikir mübadiləsi aparmaq, təşkilat daxilində əməkdaşlığın cari vəziyyətini və bizim növbəti birgə səylərimizin perspektivlərini müzakirə etmək üçün digər bir yaxşı imkan olacaqdır.
Bugünkü gündəliyimiz təşkilat daxili məsələlər də daxil olmaqla, təşkilatın effektivliyinin və səmərəliliyinin artırılmasından başlayaraq, enerji, nəqliyyat, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlığın təşviqi, ticarətin asanlaşdırılması kimi məsələlərlə olduqca zəngindir.
Hörmətli həmkarlar,
Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkə olaraq Azərbaycan müstəqilliyinin ilk illərindən regionda daxili bağlantının qurulmasına güclü dəstək vermişdir. Son iki on illik ərzində ölkəm regional iqtisadi əlaqələri möhkəmləndirməyi hədəfləmiş enerji (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Cənub Qaz Dəhlizi: TANAP, TAP), nəqliyyat (Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars, Ələtdə yeni Bakı Beynəlxalq Dəniz Limanı) və İKT (TASIM) sahəsində bir sıra regional meqalayihələr təşəbbüsü ilə çıxış etmiş və əksəriyyətini həyata keçirmişdir.
Azərbaycanın sədrliyi təşkilatımız çərçivəsində bağlantı məsələsinə xüsusi diqqət ayırmış və QDİƏT regionunda və onun hüdudlarından kənarda inkişafa və ticarət axınlarının genişlənməsinə daha da töhfə vermək məqsədilə Bakı İKT (04.12.2018) və nəqliyyat (25.10.2018) üzrə nazirlərin iki iclası da daxil olmaqla müxtəlif səviyyələrdə bir sıra görüşlər təşkil etmişdir.
Xanımlar və cənablar,
Sədrlik prioritetlərimizə uyğun olaraq Azərbaycan, həmçinin təşkilatımız çərçivəsində əməkdaşlığın effektivliyinin və səmərəliliyinin artırılması məqsədini güdən islahatlar prosesi istiqamətində səylər göstərmişdir. Bu xüsusda, inanırıq ki, bu səylər növbəti sədrlik tərəfindən dəstəklənəcəkdir və QDİƏT-in Daimi Beynəlxalq Katibliyi tərəfindən bu yaxınlarda hazırlanmış analiz sənədi bizə bu istiqamətdə kömək edəcəkdir.
Zati-Aliləri,
Azərbaycan Qara dəniz regionunun gələcək rifahına qətiyyətlə inanır və bu gələcəyin yalnız yaxşı qonşuluq, qarşılıqlı hörmət, humanizm və tolerantlıq əsasında qurulmasından heç bir şübhəsi yoxdur.
Regional əməkdaşlıq üçün, xüsusilə də QDİƏT məkanında, ən böyük maneələr həll olunmamış münaqişələrdir. Azərbaycan və Ermənistan üçün bu Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan torpaqlarının hərbi işğalı həll yolu deyildir və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcəkdir.
Azərbaycanın əsas mövqeyi QDİƏT nizamnaməsində də təsdiq edilən beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə əsaslanır.
Hələ də davam edən işğalçılıq və özünü təcrid siyasəti Ermənistanı həmçinin regionda iqtisadi artım və ticarət potensialından məhrum edir. Bu, həmçinin bir-birimizin suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etməklə ümumi regional ticarət qurmaq səylərimizə xələl gətirir.
Biz ümid edirik ki, bu ölkənin xalqının mandatına əsasən Ermənistanda yeni bir hökumət formalaşdıqda, gələn il irəliləyiş əldə etməliyik və bölgəyə sülh, sabitlik və tərəqqi gətirmək üçün yaxşı imkan yaratmalıyıq.
Sonda qeyd etmək istərdim ki, Azərbaycan QDİƏT-in səmərəliliyinin artırılması prosesinə sadiq qalır və bu günkü görüşümüzün bu xüsusda maraqlı və səmərəli fikir mübadiləsinə imkan yaradacağını arzulayırıq.
Fürsətdən istifadə edərək bütün üzv dövlətlərə önümüzdəki illərdə əməkdaşlığa yeni təkan və yol göstərəcəyinə inandığım Azərbaycan sədrliyinə göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm.
Mən həmçinin QDİƏT Daimi Beynəlxalq Katibliyinin heyətinə sədrliyimiz ərzində göstərdikləri dəstək və qiymətli yardımı üçün minnətdarlığımı bildirmək istəyirəm. Mən onların eyni yolda öz səylərini artırmalarını və növbəti QDİƏT sədrliyinə dəstək vermələrini təşviq etmək istəyirəm.
Bu sözlərlə mən QDİƏT-in məşəlini Bolqarıstanın sədrliyinə ötürürəm. Bu münasibətlə Bolqarıstanlı həmkarlarımızı səmimi qəlbdən təbrik edir və onlara sədrlik işində uğurlar arzulayırıq. Hələ də QDİƏT-in Troykasında olduğumuz üçün, tərəfimizdən tələb olunan hər cür yardımı göstərməkdən məmnunuq.