No:329/17, Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Braziliya Federatriv Respublikasının xarici işlər naziri Aloysio Nunes Ferreira ilə görüşüb
Görüşdə iki ölkə arasında qurulmuş siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə edildi və ikitərəfli əməkdaşlığın keyfiyyətcə daha yuxarı müstəviyə qaldırılması üçün qarşılıqlı səylərin gücləndirilməsinin vacibliyi vurğulandı.
Nazirlər iki ölkə arasında münasibətlərin müxtəlif sahələr üzrə hazırkı vəziyyətinə və gündəlikdə duran məsələlərə nəzər saldılar.
Nazir Elmar Məmmədyarov Aloysio Nunesin ölkəmizə səfərini yüksək qiymətləndirdi və bu səfərin Azərbaycanla Braziliya arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə etdi.
Aloysio Nunes bildirdi ki, onun səfəri ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına verdiyi dəyərin göstəricisir və Braziliya Azərbaycanın yürütdüyü praqmatik və balanslaşdırılmış xarici siyasəti təqdir edir.
Nazirlər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin, eyni zamanda Azərbaycanla Braziliya iqtisadi-ticari əlaqələrin təşviqi baxımdan Birgə İşçi Qrupunun fəaliyyətinin intensivləşdirilməsinin önəmini qeyd etdilər.
Tərəflər ikitərəfli münasibətlərdə parlament diplomatiyasının xüsusi yer tutduğunu və bu xüsusda, hər iki ölkə parlamentində yaradılmış dostluq qruplarının üzvləri arasında təmasların artırılmasının əhəmiyyətini vurğuladılar.
Görüşdə tərəflər arasında baxılmaqda olan sənəd layihələrinə nəzər salındı, bu əsnada müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi qeyd olundu. Həmçinin, ikitərəfli münasibətlərdə mühüm platforma olan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətinə toxunuldu.
Nazirlər iki ölkə arasında humanitar və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi apardılar.
Tərəflər kənd təsərrüfatı, enerji, kimya və yeyinti sənayesi sahəsində əlaqələrin inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi apardılar. Eyni zamanda iki ölkə arasında turizm, elm-təhsil sahəsində, o cümlədən universitetlər arasında əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etdilər.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətdən danışdı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğuladı. Nazir Braziliyanın münaqişənin BMT TŞ-nın qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasına dair mövqeyinin yüksək qiymətləndirildiyini qeyd etdi.
Elmar Məmmədyarov, həmçinin, paytaxt Bakının EXPO-2025-in keçirilməsinə namizəd şəhər olduğunu bildirərək, bu tədbirə ev sahibliyi etmək niyyəti ilə Azərbaycanın insan kapitalının inkişafı ilə bağlı məqsəd və məramları barədə həmsöhbətə məlumat verdi.
Görüşdə beynəlxalq gündəlikdə duran məsələlər, o cümlədən BMT Təhlükəsizlik Şurasında islahatlara dair fikir mübadiləsi aparıldı.
Görüşdən sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ADA universiteti və Braziliya Federativ Respublikasının Xarici Əlaqələr Nazirliyinin Rio Branco İnstitutu arasında diplomatların treyninqi ilə bağlı qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı.
Anlaşma Memorandumunu Azərbaycan tərəfdən ADA Universitetinin rektoru Hafiz Paşayev, Braziliya tərəfdən Braziliyanın ölkəmizdəki səfiri Santiago Luis Bento Fernández Alcázar imzaladılar.