news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 dekabr 2018

No:328/18, Xarici işlər naziri Elmar Məmmədyarov öz Moldovalı həmkarı Tudor Ulyanovskini qəbul edib

Nazir Elmar Məmmədyarov ölkəmizdə işgüzar səfərdə olan Moldova Respublikasının xarici işlər və Avropa inteqrasiyası naziri Tudor Ulyanovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Elmar Məmmədyarov bu səfərin həyata keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirərək, onun ikitərəfli münasibətlərin geniş gündəliyi üzrə müxtəlif məsələlər ətrafında mövqelərin əlaqələndirilməsi üçün gözəl imkan yaratdığını qeyd edib.

Aparılan fikir mübadiləsi çərçivəsində tərəflər arasında siyasi-diplomatik, o cümlədən səfərlər mübadiləsinin davam etdirilməsi, beynəlxalq və regional əməkdaşlıq barədə ətraflı müzakirələr aparılıb.

İki ölkə arasında iqtisadi və ticarət sahəsində əməkdaşlığın təşviq edilməsinin vacibliyi qeyd edilərək, onun keyfiyyət baxımından yeni, daha yüksək səviyyəyə qaldırılması məqsədilə, İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının təşkili, habelə ayrı-ayrı dövlət qurumları və işgüzar dairələri tərəfindən yerinə yetirilməli işlərin əlaqələndirilməsi perspektivləri müzakirə edilib. Logistika, sənaye, energetika və nəqliyyat sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli əməkdaşlıq fürsətlərinin olduğu vurğulanıb.

Görüş əsnasında tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə diqqət ayıraraq bu xüsusda qarşılıqlı dəstək yanaşmasının mövcud olduğunu məmnunluqla qeyd etdilər.

Tərəflər dünyada cərəyan edən proseslərin tənzimləməsi, o cümlədən mövcud münaqişələrin həlli baxımından beynəlxalq hüququn prinsiplərinə qeyd-şərtsiz riayət edilməsi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığının rəhbər tutulması üzrə dəyişməz mövqeyə sadiq qaldıqlarını bir daha vurğuladılar.

Görüşdə, həmçinin ölkələr arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, o cümlədən qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edildi.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti