No:327/17, Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbər müavini Li Junun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının Kommunist Partiyasının nümayəndə heyətini qəbul etdi.
Nümayəndə heyətinin rəhbəri Li Jun 2017-ci ilin Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının və Yeni Azərbaycan Partiyasının təsisinin 25 illiyi ilə əlamətdar olduğunu bildirdi və keçən 25 il ərzində Azərbaycanın nəzərəçarpacaq dərəcədə inkişafının məmnunluq doğurduğunu və təqdirəlayiq hal olduğunu diqqətə çatdırdı.
L.Jun Çinin Azərbaycanla ikitərəfli münasibətlərin dərinləşməsinə xüsusi önəm verdiyini bildirdi və siyasi sahədə yüksələn inkişaf xəttinin davam etdirilməsində maraqlı olduğunu əlavə etdi.
L.Jun Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində səylərinin Çinin tərəfindən dəstəkləndiyini bir daha bəyan etdi.
L.Jun “Bir kəmər-bir yol” təşəbbüsünə dəstəyinə görə Azərbaycan hökumətinə təşəkkür etdi və bu çərçivədə ikitərəfli əməkdaşlıq üçün geniş imkanların olduğunu nəzərə çatdırdı. Regionun aparıcı dövləti olan Azərbaycanı Çinin önəmli tərəfdaşı adlandıran qonaq Xüsusi İşçi Qrupu qismində Kommunist Partiyasının nümayəndə heyətinin Azərbaycana səfərinin bu qəbildən olan ilk xarici səfər olduğunu dedi və bu səfərin münasibətlərin yeni mərhələyə keçməsinə töhfə verəcəyinə ümidvar olduğunu əlavə etdi.
Qonaqları salamlayan E.Məmmədyarov 18-24 oktyabr 2017-ci il tarixində Kommunist Partiyasının Milli Konqresinin uğurla keçirilməsi münasibətilə öz təbrik və xoş arzularını çatdırdı.
E.Məmmədyarov Azərbaycan və Çin arasında əməkdaşlığın bütün sahələrində yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə etdi. İki dövlət arasında siyasi dialoqun daha da irəlilədilməsinin iqtisadi, ticarət və digər sahələrdə yeni əməkdaşlıq perspektivlərinin üzə çıxarılmasına təkan verəcəyini qeyd etdi.
Çoxtərəfli müstəvidə Azərbaycan və Çin arasında uğurlu əməkdaşlığın mövcud olduğunu bildirən E.Məmmədyarov bu xüsusda, BMT çərçivəsində əməkdaşlığı xüsusilə fərqləndirdi. Ermənistan-Azərbaycan münaqişəsinə dair Çinin də üzvü olduğu Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinin, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının hələ də yerinə yetirilməməsinin təəssüf doğurduğunu bildirdi. Bu xüsusda, E.Məmmədyarov Çin tərəfinə Azərbaycanın haqlı mövqeyinin ardıcıl dəstəklənməsi xəttinə görə təşəkkürünü bildirdi. Həmçinin Azərbaycanın “Vahid Çin” siyasətinə sadiq qaldığını bir daha bəyan etdi. Güc tətbiqi ilə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi cəhdlərinin yolverilməz olduğunu diqqətə çatdıran E.Məmmədyarov ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinin Azərbaycan və Çin arasında imzalanmış bütün siyasi sənədlərdə öz əksini tapdığını əlavə etdi.
İqtisadi sahədə ikitərəfli əməkdaşlığa toxunan E.Məmmədyarov ölkələr arasında ticarət dövriyyəsinin mövcud potensial və siyasi dialoqun səviyyəsini əks etdirmədiyini qeyd etdi. Bu sahədə, gələn il növbəti iclası keçiriləcək Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyini vurğuladı.
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin 30 oktyabr 2017-ci il tarixində fəaliyyətə başladığını bildirən E.Məmmədyarov Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm əhəmiyyət verdiyini və Çinin təşəbbüskarı olduğu “Bir kəmər, Bir yol” layihəsi çərçivəsində bu əsasda əməkdaşlıq üçün əlverişli imkanların olduğunu vurğuladı. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən köklü tədbirlər barəsində danışan Elmar Məmmədyarov Çin şirkətlərinin ölkəmizin qeyri-neft sektorunda daha fəal şəkildə təmsil oluncağına ümidvar olduğunu bildirdi.
E.Məmmədyarov paytaxt Bakının EXPO-2025-in keçirilməsinə namizəd şəhər olduğunu bildirərək, bu tədbirə ev sahibliyi etmək niyyəti ilə Azərbaycanın insan kapitalının inkişafı ilə bağlı məqsəd və məramları barədə həmsöhbətə məlumat verdi.
Görüşdə həmçinin humanitar, təhsil və turizm sahəsində münasibətlərin gələcək perspektivləri barəsində geniş fikir mübadiləsi aparıldı.