No:325/24, Nazir müavini Samir Şərifovun Belarus Respublikasının xarici işlər nazirinin müavini İqor Nazaruk ilə görüşünə dair mətbuat məlumatı
4 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifov ölkəmizdə səfərdə olan Belarus Respublikası xarici işlər nazirinin müavini İqor Nazaruk ilə görüşüb.
Görüş zamanı ali səviyyəli dialoqun iki ölkə arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsinə, təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə və dinamik əməkdaşlığın inkişafına vacib təkan verdiyi xüsusilə vurğulandı.
Siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və ikitərəfli, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında müzakirə aparıldı.
İkitərəfli münasibətlərin bütün sahələrində müşahidə edilən müsbət dinamikadan məmnunluq ifadə edildi, birgə layihə və təşəbbüslər ətrafında danışıldı.
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ikitərəfli iqtisadi əlaqələrinin dərinləşdirilməsində, əməkdaşlığın yeni perspektivli istiqamətlərin müəyyən edilməsində və onların hüquqi müstəvidə təsbit olunmasında fəaliyyəti xüsusilə qeyd edildi.
Azərbaycan Respublikasının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığı vurğulandı və bu mötəbər tədbirin təşkili ilə bağlı məlumat verildi.
Bununla yanaşı, iki ölkə arasında müqavilə-hüquq bazası ətrafında fikir mübadiləsi aparıldı.