news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 dekabr 2018

No:324/18, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun “ATƏT məkanında iqtisadi bağlılığın təşviq edilməsi” tədbirində çıxışı

Azərbaycan Respublikasının xarici işlər naziri
cənab Elmar Məmmədyarovun
“ATƏT məkanında iqtisadi bağlılığın təşviq edilməsi” tədbirində çıxışı

6 dekabr 2018-ci il

 

Hörmətli Qazaxıstan Respublikasının xarici işlər naziri cənab Kairat Abdraxmanov,

Hörmətli İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini cənab Quqlielmo Pikçi,

ATƏT-in iqtisadi və ətraf mühit fəaliyyətləri üzrə əlaqələndiricisi səfir Vuk Zuqiç,

Xanımlar və cənablar,

İlk növbədə, bu mühüm mövzu ilə bağlı tədbirin təşkil edilməsi təşəbbüsü ilə çıxış etmiş Qazaxıstandan olan dostlarımıza, qardaş və bacılarımıza təşəkkür etdərək başlamaq istərdim.

Şübhəsiz ki, bağlılıq əməkdaşlığımızın və dayanıqlı iqtisadi artımın möhkəmlənməsinə töhfə verə bilir. ATƏT-in Nazirlər Şurasının 2016-cı il tarixli Hamburq Sammitinin bağlılığın təşviq edilməsi və yaxşı idarəetmənin möhkəmləndirilməsi ilə bağlı qərarı, eləcə də ATƏT-in əvvəlki bütün müvafiq sənədləri və qərarları bu istiqamətdə əməkdaşlıq üçün faydalı çərçivəni təmin edir.

Ötən illər ərzində ölkəm qeyri-enerji sektorunun inkişafında, xüsusilə də Azərbaycanda biznes və sərmayə mühitini inkişaf etdirməklə və nəqliyyat infrastrukturlarını tikməklə və buraya sərmayə qoymaqla, nəzərə çarpacaq addımlar atmışdır. Lakin bizim səylərimiz yalnız Azərbaycanla məhdudlaşmır. Azərbaycan Hökumətinin əsas prioritetləri arasında Şərq-Qərb və Şimal-Cənub oxları boyunca qonşu dövlətlər və ATƏT-ə üzv olan digər maraqlı dövlətlər ilə əməkdaşlıqda regional, trans-regional və çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafı yer alır. Artan bağlılığa töhfə verən layihələr arasında ilkin mərhələdə 6-7 milyon ton, daha sonra isə ildə 17 milyon ton yükgötürmə qabiliyyəti olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vardır. BTQ Yeni İpək Yolu adlanan və trans-Avropa və trans-Asiya dəmir yol şəbəkələrini birləşdirəcək, eləcə də Avropa və Asiya arasında etibarlı və inteqrasiya olunmuş dəmir yolu yükdaşımaları əlaqəsinə əhəmiyyətli dərəcədə töhfə verəcək yeni yaranmış qitələrarası dəhlizin əsas seqmentidir.

Ticarətin davamlı şəkildə artan həcmini nəzərə alaraq, aydındır ki, bir-biri ilə rəqabətdə olmayan, lakin bir-birini tamamlayan etibarlı ticarət marşrutlarının müxtəlifliyi olmalıdır.

Azərbaycan Hökumətinin başqa bir prioritet sahəsi tranzit və ticarətdə daha şəffaf gömrük proseslərinə imkan verən səmərəli ticarət qaydalarını təqdim etmək, idxal, ixrac və tranzit sərhəd proseduralarının səmərələşdirilməsi də daxil olmaqla nəqliyyat və ticarətin asanlaşdırılmasında yaxşı idarəetmədir. Ticarətin asanlaşdırılmasında elektron imza prinsipinə əsaslanan elektron bəyannamə sistemi kimi informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət ayrılır.

Xüsusilə qeyd etmək istədiyim bir sahə yeni Bakı Limanı ətrafında Azad İqtisadi Zonanın yaradılması vasitəsilə ticarət-logistika sektorunda xarici şirkətlər üçün əlverişli və azad sərmayə rejiminin təmin edilməsi üzrə səylərimizdir. Bu Azad İqtisadi Zonanın məqsədi Azərbaycanın çoxsaylı ticarət yolları üzrə Avropa və Asiya arasında ticarəti asanlaşdıracaq regional ticarət-logistika mərkəzi kimi cəlbediciliyinin artırılmasıdır.

İcra üçün artıq hazır olan, Azərbaycanı və Mərkəzi Asiyadakı tərəfdaşlarımızı, habelə potensial olaraq Əfqanıstanı da əhatə edəcək “Xəzər dənizi regionunda bağlılığın və yaşıl limanların təşviqi” adlı ATƏT-in büdcədənkənar layihəsi Avropa və Asiya arasında bağlılığı daha da gücləndirəcəkdir. Fürsətdən istifadə edərək, bu mühüm layihəni ərsəyə gətirdiyi üçün ATƏT-in iqtisadi və ətraf mühit fəaliyyətləri üzrə əlaqələndiricisi səfir Vuk Zuqiç və onun komandasına təşəkkür edirəm və ATƏT-in üzv dövlətlərini bunun reallaşmasına töhfə verməyə çağırıram.

Təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti