No:323/18, Xarici işlər naziri Elmar Məmmədyarov Milanda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in 25-ci Nazirlər Şurası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşdü.
Nazir Elmar Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə baş tutmuş son görüş barəsində məlumatlandırdı. O, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu qeyd edərək, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğuladı.
Nazir Elmar Məmmədyarov Aİ-nin münaqişənin həllinə, o cümlədən işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması və yüz minlərlə Azərbaycanlı məcburi köçkünün öz yurd-yuvalarına qayıtmasına dəstəyinin olduqca faydalı olduğunu bildirdi.
Xüsusi nümayəndənin bölgəyə nəzərdə tutulan növbəti səfəri müzakirə edildi və yaxın gələcəkdə Aİ rəsmisi ilə Bakıda görüşmək məmnuniyəti ifadə edildi.