news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 noyabr 2017

No:322/17, Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində Afrika İttifaqının İqtisadi məsələləri üzrə komissarı Viktor Harrison və Sosial məsələləri üzrə komissarı Amira Elfadil ilə görüşüb

Görüşdə Afrika İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, logistika, elm-texnika, təhsil, gənclər siyasəti, idman və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu bildirildi.

Tərəflər hələ SSRİ dövründə Afrika qitəsindən çoxsaylı tələbələrin müxtəlif sahələr üzrə Azərbaycanda təhsil aldıqlarını qeyd edərək bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyinə diqqəti çəkdilər.

Görüşdə Azərbaycanın multikulturalizm ənənələri, dinlər və mədəniyyətlərarası dialoq prosesinə verdiyi töhfələri və bu xüsusda Bakıda keçirilən humanitar və mədəniyyətlərarası dialoq forumlarında Afrika İttifaqının və üzv dövlətlərin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı məmnuniyyətlə vurğulandı.

Həmçinin, Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin digər tərəfdaş təşkilatlarla birlikdə Afrika qitəsində həyata keçirdiyi humanitar layihələr, Azərbaycan ilə YUNESKO arasında fəaliyyət göstərən Etimad Fondu vasitəsilə Keniya, Tanzaniya, Uqanda və Liberiyada qızların təhsili üzrə layihələrin uğurla həyata keçirildiyi qeyd edilərək Afrika İttifaqı Komissiyasının sözügedən layihələrə tərəfdaş qismində cəlb edilməsinin vacibliyi bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin aparılması və nümayəndə heyətlərinin səfərlərinin təşkil olunması barədə razılıq əldə olundu.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti