news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 oktyabr 2019

No:321/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası çərçivəsində Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb

Görüş zamanı ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olundu. Nazirlər strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın regional və qlobal sabitlik və təhlükəsizliyin təşviqi baxımından vacibliyini qeyd etdilər.

Tərəflər hər iki ölkənin iştirakı ilə həyata keçirilən mühüm layihələr ətrafında fikir mübadiləsi apardılar. Azərbaycan və Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələrinin Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağını tərəflər xüsusilə qeyd etdilər.

Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyət, habelə Yaxın Şərq bölgəsində cərəyan edən proseslər barəsində geniş müzakirələr aparıldı və hər iki ölkənin öz təhlükəsizliyinin təmin edilməsi üçün yeritdiyi siyasətin vacibliyi vurğulandı.

Görüşdə TDƏŞ və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti