No:320/18, Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev ilə görüşüb
Nazir Elmar Məmmədyarov Milanda ATƏT Nazirlər Şurasının 25-ci iclası çərçivəsində 6 dekabr tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.
Nazir Azərbaycanın Türk Şurasının banilərindən biri olduğunu vurğulayaraq, hal-hazırda da bu qurumun BMT, ATƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi üçün əməli dəstəyin davam etdirdiyini bildirib. O, ölkəmizin Türk Şurasının fəaliyyətinə önəmli töhfə verməklə, konkret layihələr və təşəbbüslər üzərində işlədiyindən bəhs edib.
B.Amreyev Azərbaycanın Türk Şurasının daha da inkişaf etdirilməsi istiqamətində səylərini yüksək dəyərləndirdiyini diqqətə çatdırdı. Bu mənada o, Türk Şurasının bir beynəlxalq qurum olaraq 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə toplantısında təsis edilməsinin tarixi əhəmiyyəti vurğuladı və 2019-cu ildə təşkil ediləcək Zirvə toplantısının yenə də Azərbaycanda baş tutacağının rəmzi xarakter daşıyacağını ifadə etdi.
Görüş əsnasında Türk Şurasına daxil olan ölkələr və xalqlar arasında dil və mədəniyyət sahələrində mövcud olan ortaq mirasın müasir dövrün tələblərinə uyğun olaraq təbliğ və təşviq etməsinin münasib yolları və bu məqsədlə aparılmalı islahatlar müzakirə edildi. Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd etdi.