No:318/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırır

Sual: Ermənistan XİN-i Laçın rayonunda Azərbaycan və Türkiyə birgə təlimlərinin keçirilməsini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olmadığını və sülh və təhlükəsizliyə xələl gətirdiyini iddia edib. Bu barədə XİN-in şərhini öyrənmək istərdik.

Cavab: Beynəlxalq sərhədləri çərçivəsindəki ərazisində müxtəlif təlimlər keçirmək hər bir dövlətin suveren hüququdur. Azərbaycan bu günədək ərazisində çoxsaylı hərbi təlimlər, o cümlədən tərəfdaş ölkələrin iştirakı ilə birgə təlimlər keçirib. Laçın rayonunda başlanılan birgə taktiki təlim də məhz bu qəbildən olan və bölgədə sabitliyin təmin olunmasına xidmət edən addımdır.

Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, regional sülhə və təhlükəsizliyə təhdid dövlətin öz ərazisində hərbi təlim keçirməsi yox, Ermənistanın uzun illər ərzində tətbiq etdiyi kimi digər dövlətin ərazilərinə iddialar irəli sürmək, hərbi təcavüz siyasəti yürütmək, digər dövlətin ərazilərini işğal altıda saxlamaq və nəhayət, beynəlxalq hüququn prinsiplərini tapdalamaqdır.

Əgər Ermənistan bölgədə sülh və təhlükəsiziyin təmin olunmasını istəyirsə, o zaman özünün də imza atdığı öhdəliklərin icrasına riayət etməlidir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti