No:312/24, Mətbuat katibinin müavini Vasif Əliyevin Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Toivo Klaarın ölkəmiz ilə bağlı verdiyi müsahibədə yer alan bəzi iddialara dair medianın sualına cavabı
Sual: Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Toivo Klaar “JAM news” media resursuna verdiyi 4 avqust tarixli müsahibə zamanı “Qarabağ ermənilərinin” geri qayıtmasının Azərbaycanın öhdəliyi olduğunu, Ermənistandan zorla qovulmuş azərbaycanlıların geri qayıtmasının Azərbaycan-Ermənistan normallaşma prosesinin nəticəsindən asılı olduğunu, “Qarabağ ermənilərinin” məsələsinin xüsusi hal olduğunu bildirib. Avropa İttifaqı nümayəndəsinin bu fikirlərinə dair şərhinizi öyrənmək istərdik.
Cavab: Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi, Avropa İttifaqının Özbəkistandakı səfiri təyin edilmiş Toivo Klaarın Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana və əvvəllər yaşadıqları digər ölkələrə miqrasiya etmiş ermənilərin qayıtması məsələsini xüsusi hal kimi nəzərdən keçirməsi, indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnu şərtləndirməsi qəbuledilməzdir. Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri dönməsi üçün müvafiq şərait yaradılması Ermənistanın öhdəliyidir və beynəlxalq ictimaiyyət bu öhdəliyin yerinə yetirilməsini tələb etməlidir.
Azərbaycan tərəfinin dəfələrlə erməni sakinlərin öz evlərində qalması və onların geri qayıtması üçün müraciətlər etməsinə baxmayaraq, ermənilərin suveren Azərbaycan ərazilərinə geri dönmək niyyətində olmadığı səfir təyin edilmiş Toivo Klaara yaxşı məlumdur. Bu xüsusda, Azərbaycan tərəfi yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət edən erməni əsilli şəxslərin Azərbaycana qayıtması niyyətinə hörmətlə yanaşır.
Vəzifədən gedən ərəfədə səlahiyyətlərinə aid olmadan bu kimi qərəzli açıqlamalar verməsi ilk növbədə Aİ rəsmisinin təmsil etdiyi qurumun reputasiyasına vurduğu növbəti zərbədir.