No:309/23, Xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışına dair mətbuat məlumatı

6 iyun 2023-cü tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib.

 

Nazir Ceyhun Bayramov çıxışında ATƏT regionunda ümumi təhlükəsizlik mühitinin əhəmiyyətindən söz açaraq Helsinki Yekun Aktında təsbit edilmiş ATƏT iştirakçı dövlətlərinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətdən başlayaraq təşkilatın prinsipləri və öhdəliklərinin sülh və təhlükəsizliyin təməli olaraq qalmasının, coğrafi üstünlüklər və ikili standartlar olmadan bərabər və qeyd-şərtsiz tətbiq olunmasının əhəmiyyətindən bəhs edib.

 

Ölkəmizin ATƏT çərçivəsində davamlı fəallığının regionda sülh, təhlükəsizlik və sabitliyə töhfə vermək öhdəliyimizin sübütu olduğunu bildirən nazir Azərbaycanın ATƏT də daxil olmaqla müxtəlif platformalarda səmərəli çoxtərəfli əməkdaşlığın tərəfdarı olduğunu, ehtiyacları və prioritetləri əsasında ATƏT və onun təsisatları çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

 

Çıxış zamanı, Azərbaycan və Ermənistan arasında davam edən normallaşma prosesindən söz açılıb, ikitərəfli danışıqların hazırkı mərhələsinə dair ölkəmizin mövqeyi səsləndirilib. 

 

Ermənistanın təcavüzü nəticəsində, təxminən otuz il davam etmiş silahlı münaqişənin başa çatması və iki ölkənin öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət öhdəliyi ilə sülhün astanasında olduğu bildirilib.

 

Münaqişə sona çatdıqdan sonra Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan tərəfindən Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal işin aparıldığı qeyd olunub. 

 

Sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşayışın təmin edilməsi, barışıq gündəliyinin irəli sürülməsi, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə qoyuluşu üçün imkan və real perspektivlərin olmasından bəhs olunub.

 

Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində ikitərəfli sülh sazişi mətni üzərində danışıqlar aparıldığını bildirib. Son bir neçə həftə ərzində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişinyovda keçirilən danışıqların tərəflərin mövqeyini daha yaxşı anlamağa imkan yaratdığını diqqətə çatdırıb.

 

Nazir Ceyhun Bayramov Azərbaycanın ikitərəfli müzakirələrin gündəliyini formalaşdıran üç konkret istiqamət üzrə fikir ayrılıqlarını aradan qaldırmaq üçün Ermənistan tərəfdən qarşılıqlı siyasi iradə gözlədiyini bildirib. Bu kontekstdə, Ermənistanın Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsi, daxili işlərimizə ardıcıl müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa mane olması və beynəlxalq miqyasda, o cümlədən, ATƏT çərçivəsində qarayaxma kampaniyası aparılmasının Azərbaycan Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneə olduğu diqqətə çatdırılıb.

 

Ərazilərimizin otuz ildir davam edən hərbi işğalının ağır nəticələrini aradan qaldırmaq üçün Azərbaycanın genişmiqyaslı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərindən bəhs olunub. 

 

Ölkəmizin Azərbaycanın Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə yenidən inteqrasiyasında qərarlı olduğu vurğulanıb. Bu xüsusda, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə öz öhdəliklərinə ciddi şəkildə riayət etməyin zəruriliyi qeyd olunub. 

 

Azərbaycan hökumətinin gördüyü yorulmaz səylər nəticəsində məcburi köçkün ailələrinin birinci qrupunun artıq Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Azərbaycanın Laçın şəhərinə qayıtdığı barədə məlumat verilib. Nazir Ceyhun Bayramov bununla belə, Azərbaycan ərazilərinin kütləvi şəkildə mina və digər partlayıcı maddələrlə çirklənməsinin əsas maneə və ciddi humanitar təhlükə olmaqda davam etdiyini diqqətə çatdırıb. 

 

Çıxışında ağır hərbi cinayətlər və insanlığa qarşı cinayətlərlə bağlı ədalətin təmin edilməsinin əhəmiyyətindən söz açan nazir Ceyhun Bayramov keçmiş münaqişə nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi barədə məlumatların açıqlanması ilə bağlı Ermənistanın öhdəliklərinə əməl etməklə bağlı davamlı çağırışlarımıza məhəl qoymadığı bildirilib. 

 

Sonda nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq öhdəliklərinə sadiq qaldığını, konstruktiv dialoqa açıq olmaqla yanaşı, beynəlxalq hüququn pozulmasına göz yummayacağını və beynəlxalq səviyyədə müvafiq addımlar atmağa davam edəcəyini bildirib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti