No:308/17, Xarici işlər naziri Elmar Məmmədyarov Pyer Alan Rafanın başçılıq etdiyi Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvlərini qəbul edib
Görüş zamanı Azərbaycanla Fransa arasında əməkdaşlığın hazırkı səviyyəsi, o cümlədən siyasi, iqtisadi, mədəniyyət və idman sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin bu münasibətlərə töhfə verdiyi vurğulandı.
Nazir Elmar Məmmədyarov bu il Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini və bu müddət ərzində iki ölkə arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin qurulduğunu diqqətə çatdırdı.
O, Azərbaycan və Fransa arasında əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolunu qeyd etdi.
Pyer Alan Rafan Fransanın regionları ilə əməkdaşlığın genişləndirilməsinin və deputatlar arasında təmasların artırılmasının vacibliyini qeyd etdi. Fransada Azərbaycanın daha çox tanınması və təşviq edilməsi üçün hər iki ölkənin şəhərləri arasında “qardaşlaşma”nın artırılmasının önəmini vurğuladı.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan son danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov, ədalətin Azərbaycanın tərəfində olduğunu və buna görə də münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalı olduğunu bildirdi.