news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 noyabr 2017

No:307/17, Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Monteneqronun xarici işlər naziri Srdjan Darmanoviçlə görüşüb

Görüşdə Azərbaycanla Monteneqro arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edildi, yüksək səviyyəli səfərlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi vurğulandı.

Srdjan Darmanoviç Azərbaycanın mürəkkəb regionda konstruktiv və sabitəşdirici rol oynadığını bildirdi və tərəflər arasında mütəmadi yüksək səviyyəli dialoqu yüksək qiymətləndirdi.

Nazirlər ölkələrimiz arasında imzalanmış çoxsaylı müqavilələrin önəmini qeyd etdilər.

Bakı-Tbilisi-Qars dəmir yolunun bu günlərdə istifadəyə verildiyini qeyd edən nazir Elmar Məmmədyarov, strateji əhəmiyyətli bu layihənin Avropanı Asiya ilə birləşdirən ən qısa və sərfəli yol olduğunu bildirdi. Srdjan Darmanoviç bu strateji layihə münasibətlə Azərbaycan tərəfini təbrik etdi.

Həmçinin, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin strateji əhəmiyyəti qeyd edildi.

Görüşdə Azərbaycan şirkətlərinin Monteneqrodakı fəaliyyəti təqdir edildi və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin hər iki ölkənin maraqlarına uyğun olduğu bildirildi.

Qarşılıqlı sərmayə yatırımını təşviq etmək və iki ölkə arasında ticarət dövriyyəsini artırmaq məqsədilə biznes forumların keçirilməsinin vacibliyi vurğulandı. Turizm, elm-təhsil, idman-gənclər, elm və texnologiya sahəsində ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edildi.

Eyni zamanda Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platforma olduğu qeyd olundu.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan son danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov, nizamlanma ilə bağlı ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktına əsaslanan ədalətli mövqeyini bir daha bəyan etdi.

Montenegro naziri ölkəsinin münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyini bildirdi.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti