No:306/19, Azərbaycan Respublikası və Finlandiya Respublikasının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirildi
1 oktyabr tarixində Helsinki şəhərində, Azərbaycan Respublikası və Finlandiya Respublikasının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirildi.
Azərbaycan tərəfindən nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Xələf Xələfov başçılıq etdi. Nazir müavini məsləhətləşmələr çərçivəsində Finlandiya Xarici İşlər Nazirliyinin Dövlət Katibi Matti Anttonen və Şərqi Avropa, Rusiya və Mərkəzi Asiya üzrə baş direktoru Maimo Henrikssonla görüşlər keçirdi.
Məsləhətləşmələr zamanı, iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olundu və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıldı. Tərəflər, Azərbaycan və Finlandiya arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğuladı. Xüsusilə də, iqtisadiyyat və ətraf mühitin qorunması, peşə təhsili üzrə əməkdaşlıq istiqamətləri, habelə Finlandiyanın iştirakı ilə Azərbaycanda həyata keçirilən tvininq layihələri müzakirə edildi.
X.Xələfov, həmsöhbətlərinə ölkəmizdə aparılan islahatlar haqqında ətraflı məlumat verdi.
Görüşlərdə Azərbaycan – Avropa İttifaqı münasibətləri, Finlandiyanın Aİ-ə sədrliyi çərçivəsində müəyyən etdiyi prioritetlər ətrafında fikir mübadiləsi aparıldı.
Məsləhətləşmələr zamanı, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli prosesinin hazırkı durumu müzakirə edildi.
Bundan əlavə tərəflər, Xəzər dənizi hövzəsində əməkdaşlıq, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan regional enerji və nəqliyyat layihələri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardılar.
Helsinkiyə səfəri çərçivəsində X.Xələfov, həmçinin Finlandiya Parlamentinin Beynəlxalq əlaqələr Komitəsinin sədr müavini, sabiq Xarici İşlər naziri İlkka Kanerva ilə görüşdü.