news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 noyabr 2018

No:306/18, Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyası öz işinə başlamışdır

2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyası öz işinə başlamışdır.

Sessiyanın iclasında Komitənin qarşısında duran cari məsələlərin, gələcək fəaliyyətin, eyni zamanda YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ, Təcili Qorunmaya Ehtiyacı olan siyahılarına daxil edilməsi nəzərdə tutulan nominasiyaların müzakirəsi və milli hesabatların qəbul edilməsi nəzərdə tutulmuşdur. 

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Ramiz Həsənovun başçılıq etdiyi nümayəndə heyəti sözügedən tədbirdə iştirak edir.

Sessiyanın açılışında çıxış edən R.Həsənov bu ilin iyun ayında Azərbaycanın sözügedən komitənin üzvü seçildiyini qeyd edərək seçkilər zamanı ölkəmizə dəstək verən üzv ölkələrə təşəkkürünü bildirdi.

R.Həsənov qeyd etdi ki, Azərbaycan 2008-2014-cü illərdə sözügedən komitənin üzvü olmuş və 2013-cü ildə YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına müvəffəqiyyətlə ev sahibliyi etmişdir.

Nazir müavini universal mədəni dəyərlərin qorunmasına daim səy göstərən Azərbaycanın 2003-cü il Konvensiyasının effektiv həyata keçirilməsində maraqlı olduğunu qeyd etdi və bu sahədə verdiyi töhfələrinə görə üzv ölkələrə, ekspertlərə və YUNESKO Katibliyinə öz təşəkkürünü ifadə etdi.

YUNESKO-Azərbaycan əlaqələrindən danışan R.Həsənov, bu əlaqələrin inkişaf etdirilməsində və daha intensiv və dinamik səviyyəyə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəyərli xidmətlərini vurğuladı. Mehriban xanım Əliyevanın yorulmaz səyləri nəticəsində, Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələrinin YUNESKO-nun müvafiq siyahılarında yer aldığı diqqətə çatdırdı.

Sonda, nümayəndə heyətinin rəhbəri Azərbaycanın 2018-2022-ci il Komitə üzvlüyü dövründə Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın daha da səmərəli həyata keçirilməsində üzv ölkələrlə konstruktiv əməkdaşlıq və tərəfdaşlıq şəklində öz zəngin təcrübəsini paylaşmaq səylərini əsirgəməyəcəyini qeyd etdi.

Qeyd olunmalıdır ki, iclas zamanı Azərbaycanla bağlı bir sıra məsələlərin, o cümlədən Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün Komitəyə təqdim olunmuş Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya, YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi üçün  Komitəyə təqdim edilmiş Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiya və “Çovqan – ənənəvi Qarabğ atüstü oyunu” ilə bağlı milli hesabatımızın müzakirəsi nəzərdə tutulmuşdur.

Qeyd olunmalıdır ki, sözügedən nominasiya sənədləri və milli hesabat  Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti