news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 noyabr 2018

No:304/18, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı qurumun “rəhbəri”nin Fransaya səfərinə dair AR XİN Mətbuat Xidmətinin açıqlaması

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış  qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti bir uğursuz cəhddir.

Bu səfərin həyata keçirilməsi üçün imkan yaradan və qanunsuz rejimin nümayəndələrini qəbul edən Fransa bu addımı ilə nəinki Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış Sazişlərin dilinə uyğun davranmır, o eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir.

Fransanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin təbliğinə şərait yaratması bu ölkənin  BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri qismində obyektivliyini və qərəzsizliyini ciddi sual altına alır.

Fransanın Azərbaycanın ərazilərinin işğalı və yüz minlərlə Azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalmasında bilavasitə əli olan insanların təntənəli şəkildə qəbul edilməsinə icazə verməsi bu ölkənin Azərbaycan ictimaiyyətində nüfuzuna ciddi zərbə vurur. Azərbaycan qeyd olunan məsələ ilə bağlı Fransa tərəfinə diplomatik kanallarla qəti etirazını bildirəcəkdir. 

Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti