No:303/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Avstriya səfiri Bernd Aleksandr Bayerl ilə görüşünə dair məlumatı

25 iyun 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerli ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

Nazir Ceyhun Bayramov Avstriya səfirinə Azərbaycanda fəaliyyəti müddətdə iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində səylərinə görə təşəkkür edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir, iki ölkə arasındakı yüksək səviyyəli səfər mübadilələrinin və görüşlərin ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini bildirib və bu xüsusda Avstriyalı həmkarı ilə apardığı fikir mübadilələrinə istinad edib.

 

Səfir Bernd Aleksandr Bayerl Azərbaycandakı fəaliyyətindən məmnunluqla danışıb. O, fəaliyyəti dövründə pandemiya səbəbindən münasibətlərdə müəyyən durğunluq müşahidə edilsə də, hazırda əlaqələrin daha da inkişafı üçün yeni imkanların olduğunu vurğulayıb. Səfir, Azərbaycanın bölgədəki sabit ölkə və etibarlı tərəfdaş olduğunu qeyd edib.

 

Tərəflər, iki ölkə arasında bir sıra, o cümlədən iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi potensialını qeyd ediblər.

 

Görüşdə, həmçinin cari regional vəziyyət, sülh quruculuğu səyləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Nazir Ceyhun Bayramov səfir Aleksandr Bayerlə ən xoş arzularını çatdırıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti