No:301/22, AR XİN Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşünə dair məlumatı

24 iyun 2022-ci il tarixində nazir Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Arian Baueri Azərbaycandakı fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

Görüşdə nazir Ceyhun Bayramov BQXK-nın ölkəmizdəki həyata keçirdiyi layihələrinin əhəmiyyətini qeyd edərək, bu xüsusda Arian Bauerin fəaliyyətini məmnunluqla vurğulayıb. O, Arian Bauerin ölkəmiz üçün xüsusi önəmli bir dövrdə, Vətən müharibəsi dövründə fəaliyyət göstərdiyini qeyd edərək ona post münaqişə mərhələsində ölkəmizdəki səmərəli fəaliyyətinə görə təşəkkür edib və gələcək səylərində uğurlar arzu edib.

 

Nazir Ceyhun Bayramov, eyni zamanda BQXK-ın Azərbaycan nümayəndəliyinin yeni rəhbəri Draqana Koyiçə gələcək işlərində uğurlar arzulayıb. Nazir, yeni nümayəndəyə bölgədə hazırda mövcud olan vəziyyət, münaqişə sonrasında mina təhlükəsinin doğurduğu acı fəsadlar, hələ birinci Qarabağ müharibəsindən itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinin naməlum qaldığı və digər məsələlər barədə məlumat verib. O, bölgədə sülh və tərəqqinin təmin olunmasında Azərbaycanın qətiyyətli olduğunu diqqətə çatdırıb.

 

Arian Bauer fəaliyyəti müddətində ona göstərilmiş siyasi dəstəyə görə minnətdarlığını ifadə edib və BQXK ölkəmizdə bir çox istiqamətlərdə həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib.

 

Öz növbəsində Draqana Koyiç ölkəmizdə çalışacağı müddətdə BQXK-nın Azərbaycandakı fəaliyyətinin uğurla davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

 

Tərəflər, Azərbaycan ilə BQXK arasında qarşılıqlı etimad doğuran münasibətlərin və açıq dialoqun gələcəkdə də davam etdiriləcəyindən əminlik ifadə ediblər.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti