news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 noyabr 2018

No:301/18: Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Argentina xarici işlər naziri Xorxe Faurie iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib

Nazir Elmar Məmmədyarov məktubda Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə öz həmkarı Xorxe Faurieni təbrik edib.

Məktubda Elmar Məmmədyarov 25 il ərzində iki ölkə arasında bir çox istiqamətlər üzrə, xüsusən ikitərəfli siyasi dialoq, iqtisadi və ticari əlaqələr və mədəniyyət sahələrində əməkdaşlığın daim inkişaf etdiyini bildirib.

Azərbaycan və Argentinanın eyni zamanda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan birgə öhdəlikləri qeyd olunmuşdur. Bu xüsusda, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin qəbul olunmasında və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli istiqamətində Argentinanın ölkəmizə davamlı dəstəyi xüsusi vurğulanmışdır.

Sonda Nazir Elmar Məmmədyarov mövcud əlaqələrin gələcəkdə daha çoxşaxəli inkişafı üçün birgə səylərin əhəmiyyətini qeyd etmiş və qarşı tərəfi Azərbaycana səfər etməyə dəvət etmişdir.

Argentina Respublikasının xarici işlər naziri Xorxe Faurie xarici işlər naziri Elmar Məmmədyarova ünvanladığı məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbrikini çatdırmışdır. 8 noyabr 1993-cü ildə Moskva şəhərində imzalanmış bu Sazişin ölkələrimiz arasındakı əlaqələrin dərinləşməsi naminə əhəmiyyəti qeyd olunmuşdur.

Məktubda Azərbaycan nümayəndə heyətinin iki ölkə arasında keçirilən 4-cü siyasi məsləhətləşmələrdə iştirak etmək məqsədilə Argentinaya səfəri xüsusilə vurğulanmışdır.

Sonda Argentina xarici işlər naziri Xorxe Faurie hər iki xalqın rifahı naminə ikitərəfli əlaqələrin inkişafı üçün birgə səylərin artırılacağından əmin olduğunu qeyd etmişdir.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti