No:300/23, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin İranda həbs olunması ilə bağlı yerli medianın sualına cavabı
Sual: 20 fevral tarixindən İran İslam Respublikasına səfərə gedən, 4 mart tarixindən isə xəbər alınması mümkün olmayan, Azərbaycan Respublikasının vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin İranda casusluqda ittiham edilərək həbs olunduğu bildirilir. Bu xəbərə XİN-in şərhi nədir?
Cavab: Tərəfimizdən 9 mart tarixli mətbuat açıqlamasında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni 9 mart tarixindən etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İran tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədilə, müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlanıb.
Tərəfimizdən edilmiş çoxsaylı müraciətlərdən sonra, İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq, ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə, F.Səfirlinin ailəsinə müvafiq məlumat verilib.
Məlum terror hadisəsi ilə bağlı Azərbaycanın İrandakı diplomatik təmsilçiliyinin məhdud olmasına baxmayaraq, Fərid Səfərli barədə məlumat verildiyi ilk gündən etibarən, həm Xarici İşlər Nazirliyi tərəfindən, həm də Təbrizdəki Baş konsulluğumuz tərəfindən İranın aidiyyəti qurumları ilə müzakirələr aparılmaqdadır.
Bununla yanaşı, F.Səfərlinin ailəsi və özü ilə mütəmadi əlaqə saxlanılır. Yaxın zamanlarda Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür.