No:299/20, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Mərakeş Krallığının Azərbaycandakı səfiri Adil Embarş arasında görüşə dair məlumatı
1 oktyabr 2020-ci il tarixində nazir Ceyhun Bayramov Mərakeş Krallığının Azərbaycandakı səfiri Adil Embarş ilə görüşüb.
Görüş zamanı Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə həmçinin, iqtisadiyyat, humanitar, turizm, alternativ və bərpa olunan enerji kimi sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğu diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ağır nəticələri ilə bağlı məlumat verdi və bölgədə yaşanan bu gərginliyin kökündə Ermənistanın davam edən işğalçılıq siyasətinin durduğunu vurğuladı. Bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğunu bildirən Nazir, Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyini bildirdi. Nazir bölgədə davamlı sülh və təhlükəsizliyinin təmin olunması üçün Ermənistanın silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal çıxarılmasının zəruri olduğunu bildirdi və münaqişənin həllinin əsasını təşkil edən qərar və qətnamələr, o cümlədən BMT TŞ məlum qətnamələrinin tələblərini qeyd etdi.
Səfir Adil Mərakeşin Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bildirdi.
Nazir Ceyhun Bayramov Mərakeşin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Eyni zamanda, tərəflər görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.