news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 oktyabr 2017

No:299/17, Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danq ilə görüşüb

Görüşdə Azərbaycanla Pan-Afrika Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparıldı.

Nazir müavini Azərbaycanla Afrika İttifaqı ölkələri arasında əməkdaşlığın cari vəziyyəti, əlaqələrin genişləndirilməsi baxımından son illər görülən işlərdən danışdı. O, Azərbaycanla Afrika ölkələri arasında ticarət əlaqələrinin inkişafı, bu xüsusda artıq birbaşa hava əlaqəsinin yaradılmasının əhəmiyyətini diqqətə çatdırdı.

Rocer Nkodo Danq təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu və bu məqsədlə müxtəlif sahələrdə işçi qruplarının yaradılmasının vacibliyini qeyd etdi. O, həmçinin Pan-Afrika Parlamentinin fəaliyyəti barədə məlumat verdi və Azərbaycanın Afrika qitəsində təşviqi baxımından təşkilatı mühüm platforma adlandırdı.

Görüşdə Azərbaycanla Afrika ölkələri arasında təhsil, səhiyyə, informasiya texnologiyaları və humanitar sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensialdan istifadənin əhəmiyyəti vurğulandı.

Mahmud Məmməd-Quliyev ölkəmizin son illər müxtəlif sahələrdə, o cümlədən informasiya kommunikasiya texnologiyalarının inkişafı istiqamətində əldə etdiyi uğurlardan danışdı və Afrika ölkələrini Azərbaycanın peyklərindən istifadə etməyə dəvət etdi.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti