news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 noyabr 2018

No:298/18, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasının xarici işlər nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasının xarici işlər nazirinin təhlükəsizlik, Şərq siyasəti və Amerika siyasəti üzrə müavini Baroş Çixotskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Tərəflər iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə etdilər və ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən  iqtisadi, energetika, nəqliyyat, ticarət, kommunikasiya, kənd təsərrüfatı və digər sahələri üzrə geniş fikir mübadiləsi apardılar.

Nazir Elmar Məmmədyarov bölgədə mövcud olan geosiyasi və təhlükəsizlik vəziyyəti barədə qarşı tərəfə məlumat verərək, bu xüsusda həlli uzadılmış münaqişələrin bölgənin təhlükəsizliyinə əsas hədə olduğunu vurğuladı və Polşanın Azərbaycanın suverenlik, müstəqillik və ərazi bütövlüyünə verdiyi dəstəyinə görə təşəkkürünü ifadə etdi.

Polşalı nazir müavini ölkəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də suverenlik və ərazi bütövlüyünə hörmət prinsipinə münasibətdə birmənalı mövqe tutduğunu və bu yanaşmanın bütün hallara münasibətdə eynilə tətbiq edilməsinin tərəfdarı olduğunu qeyd etdi.

Tərəflər iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafında əhəmiyyətli rol oynadığını bildirdilər.

Ölkələr arasında mövcud olan dialoq tempinin gələcəkdə də qorunub saxlanılmasının əhəmiyyəti vurğulandı.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti