news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 oktyabr 2017

No:295/17, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov və Polşa Respublikasının xarici işlər naziri cənab Vitold Vaşçivovskinin birgə mətbuat konfransı

Elmar Məmmədyarov: Xanımlar və cənablar! Xarici İşlər Nazirliyinə xoş gəlmişsiniz! Sizi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edirəm.

Bildiyiniz kimi, Polşa Respublikasının xarici işlər naziri, yaxın dostum Vitold Vaşçivovski Azərbaycanda rəsmi səfərdədir.

Azərbaycan və Polşa arasında münasibətlərin dərin tarixi kökləri var. Bakı şəhərində Polşa memarlıq ənənələrinin nümunələrinə bu gün də rast gəlmək olar. Bu il Azərbaycan və Polşa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci ilin iyun ayında Polşaya rəsmi səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan və Polşa arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Azərbaycan və Polşa Avropa İttifaqı, NATO, ATƏT və Vişeqrad Qrupu də daxil olmaqla, çoxtərəfli platformada uğurlu əməkdaşlıq edirlər.

Bu gün həmkarımla ikitərəfli münasibətlərin hazırkı durumu və perspektivləri barəsində müzakirələr apardıq. Fürsətdən istifadə edərək, polşalı həmkarıma Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyinə görə təşəkkür edirəm. Bütün siyasi sənədlərdə qeyd olunduğu kimi, Polşa münaqişənin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində həll edilməsini dəstəkləyir.

İkitərəfli iqtisadi münasibətlərə dair müzakirələrimiz əsasən enerji təhlükəsizliyi məsələsini əhatə etdi. Nəqliyyat dəhlizləri barəsində də maraqlı fikir mübadiləsi baş tutdu. Polşa, Baltik dənizi hövzəsi və Ukraynadan keçməklə, Çinə qədər uzanan yeni nəqliyyat dəhlizi barəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Polşaya səfəri zamanı da müzakirələr aparılmışdır. Bu məsələ üzrə müxtəlif aidiyyəti nazirliklər səviyyəsində müzakirələr davam etdirilməkdədir.

Həmkarımla müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyinə dair fikir mübadiləsi apardıq, hazırda iki dövlət arasında 41 sənəd imzalanmış, 10-dan çox sənəd isə baxılmaqdadır.

2018-ci ildə Azərbaycanda Polşa məskənlərinin salınmasının 100 illiyi qeyd olunur. Bu münasibətlə Tədbirlər Planının işlənib-hazırlanması və Birgə Fəaliyyət Planının təsdiqlənməsi barəsində razılığa gəldik.

Həmçinin, 2018-ci ildə Polşa Respublikası Prezidentinin Azərbaycana rəsmi səfərini səbirsizliklə gözləyirik.

Təşəkkür edirəm.

Sual-cavab sessiyası:

Sual: Məlahət Nəcəfova, APA: Azərbaycan və Ermənistan Prezidentlərinin Cenevrədə keçirilmiş görüşünü necə qiymətləndirirsiniz? Həmçinin, görüşdən bir gün sonra Ermənistan Prezidenti Serj Sarkisyanın razılaşmadan kənara çıxması ilə bağlı sizin mövqeyinizi bilmək istərdim. İkinci sualım, keçirilməsi nəzərdə tutulan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə xarici işlər nazirlərinin işçi görüşü ilə bağlıdır. Görüşün nə zaman və harada keçirilməsi planlaşdırırlır?

Elmar Məmmədyarov: Çox güman ki siz Azərbaycan və Ermənistan Prezidentlərinin görüşündən sonra yayılmış Birgə Bəyannamənin mətni ilə tanışsınız. 3+2 (3 həmsədrlər+2 xarici işlər naziri) səviyyəsində Bəyanatın verilməsini razılaşdırmışdıq. Ermənistan Prezidentinin razılaşmadan kənara çıxması düzgün deyil və məsuliyyətsizlik göstəricisidir. Cenevrə görüşündə hər iki dövlətin Prezidentləri danışıqlar prosesinin intensivləşdirilməsi, substantiv danışıqların aparılması ətrafında geniş müzakirələr aparmışdır. Danışıqların intensivləşdirilməsi yolları ilə bağlı Minsk Qrupu həmsədrləri tərəfindən çoxsaylı təkliflər irəli sürülmüşdür. Xarici işlər nazirləri səviyyəsində keçirilməsi planlaşdırılan görüşün əsas məqsədi konkret və nəticəyönümlü müzakirələrin aparılmasıdır. Görüşün yeri və tarixi müəyyənləşdirildikdən sonra KİV-ə məlumat veriləcək.

Polşa mediasından: Azərbaycan xüsusilə Ukraynada baş vermiş hadisələr, Avropanın Şərq qonşuluğunda baş vermiş strateji geosiyasi dəyişikliklər fonunda Şərq Tərəfdaşlığı ideyasının perspektivlərini necə görür?

Elmar Məmmədyarov: Suala görə təşəkkürümü bildirirəm. Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın gücləndirilməsində Azərbaycan maraqlıdır. Deyə bilərəm ki, hazırda tərəfdaşlıq sazişi üzrə Avropa Komissiyası ilə dialoq intensiv xarakter daşıyır. Biz bu razılaşmanı strateji tərəfdaşlıq sazişi adlandırırıq, çünki Avropa İttifaqının 10 üzv dövləti ilə Azərbaycan arasında strateji tərəfdaşlıq xarakterli əməkdaşlıq mövcuddur və müvafiq razılaşmalar imzalanmışdır. Biz həmçinin, Avropa İttifaqının digər 2 üzv dövləti ilə bu qəbildən olan razılaşma üzrə danışıqlara başlamışıq. İnanırıq ki, Avropa İttifaqı ilə imzalanacaq sənəd də strateji xarakterli olacaq. Bu ayın sonunda Avropa Komissiyası üzvlərinin Azərbaycana səfəri planlaşdırılır. Hazırda 3 fəsildən 2-cisi, ticarətə dair fəsil müzakirə edilməkdədir. Təbii ki, Avropa Komissiyası və Azərbaycan hökuməti üçün razılaşdırılmalı müxtəlif məsələlər var. Burda əsas məsələ niyyətin ifadə olunmasıdır. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Düşünürük ki, enerji sahəsində strateji xarakterli əməkdaşlıq artıq mövcuddursa, bunun nəqliyyat uzlaşması sahəsində də əldə olunması mümkündür. Turizm, kənd təsərrüfatı, təhsil sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə əməkdaşlığın mühüm elementləri kimi qeyd edərdim. Biz Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığa dair gündəliyin bütün bəndlərini müzakirə etməyə hazırıq.

Çox sağ olun!

Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.

 

 

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti