No:290/19, Qoşulmama Hərəkatının Nazirlər Konfransında Azərbaycan Respublikasının Xarici İşlər naziri, cənab Elmar Məmmədyarovun çıxışı
Qeyri-rəsmi tərcümə
Cənab Sədr,
Əziz həmkarlar,
Xanımlar və Cənablar,
Öncə, bugünkü görüşün keçirilməsi və Hərəkatın mövcud prinsipləri, idealları və məqsədlərinin təşviqi istiqamətində Hərəkatın hazırkı sədri kimi göstərdiyi səylərinə görə Venesuela Bolivar Respublikasına təşəkkürümü bildirmək istərdim.
Son iqtisadi, sosial və ekoloji göstəricilər nümayiş etdirir ki, tərəqqi və inkişaf modelləri dəyişdirilməli və uyğunlaşdırılmalıdır. Silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasət, ətraf mühitin deqradasiyası, insan haqlarının pozulması, maliyyə böhranları, habelə terror, separatizm, transmilli mütəşəkkil cinayətkarlıq və ekstremizm kimi digər təhdidlər dünyada milyonlarla insana təsir etməkdə davam edir.
Dünyanın həmişəkindən daha çox beynəlxalq hüquqa hörmət edilməsinə və buna riayət olunmasını təmin edəcək effektiv qlobal institutlara ehtiyacı vardır. Bu baxımdan Hərəkatımızın rolu son dərəcə vacibdir.
Bu gün Qoşulmama Hərəkatının qarşısında duran əsas vəzifə, qəbul edildiyi vaxtda olduğu kimi aktuallığını davam etdirən təməl prinsiplərini təşviq etmək və dəstəkləməklə Hərəkatın rolunu geosiyasi mənzərədəki yeni reallıqlara uyğunlaşdırmaqdır.
Dünyanın bugün üzləşdiyi sülh və təhlükəsizliyə qarşı təhdidlər beynəlxalq hüquqi sistemin gücləndirilməsinə və münaqişələrin qarşısını almaq və həll etmək üçün bütün səviyyələrdə ikiqat səylər göstərməyə çağırır. Bu xüsusda, dövlətlərarası münasibətlərdə rəhbər tutulan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə və onların beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi riayət olunması vacibdir.
Təəssüf ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı bu dəfə də sizinlə bölüşmək üçün yaxşı xəbərim yoxdur. Ermənistan, göründüyü kimi BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair məcburi xarakter daşıyan tələblərin əks olunduğu qətnamələrinə məhəl qoymamaqda davam edir.
Beynəlxalq ictimaiyyətin əvvəlki xəbərdarlıq və qınaqlarına baxmayaraq, o cümlədən münaqişənin siyasi həlli istiqamətində davam edən səylər fonunda, Azərbaycanın işğal olunmuş ərazilərinin müstəmləkəyə çevrilməsi və ilhaqını möhkəmlətmək məqsədi ilə qəsdən qeyri-qanuni fəaliyyət həyata keçirilməkdədir. Bunlara, digərləri ilə yanaşı, məskunlaşdırma, tarixi və mədəni irsin məhv edilməsi və mənimsənilməsi, işğal olunmuş ərazilərdə aktivlərin, təbii sərvətlərin və digər maddi nemətlərin istismarı və talan edilməsi və qanunsuz ticarəti daxildir.
Əziz həmkarlar,
Azərbaycan, 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının növbəti Zirvə toplantısına ev sahibliyi etməkdən şərəf duyur.
Qoşulmama Hərəkatının üzv dövlətlərinin Bakı Sammitində ən yüksək səviyyədə iştirak etmək istəkləri bizi çox ruhlandırır. Bu, şübhəsiz ki, Bakıda Hərəkatın müharibə əleyhinə və sülhü sevən bir qüvvə rolunu daha da artırmasına zəmin yaradacaq məhsuldar və nəticə yönümlü müzakirələrimizə öz töhfəsini verəcəkdir.
Fürsətdən istifadə edərək, Sammitdə iştirakını hələ təsdiqləməmiş üzv ölkələrdən Təşkilat Komitəsi tərəfindən həyata keçirilən təşkilati və protokol məsələlərinin asanlaşdırılması üçün ən uyğun qısa zamanda bunu etmələrini xahiş etmək istərdim.
Təşəkkür edirəm.