news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 oktyabr 2017

No:289/17, Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı Baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru Jan-Kristof Belliardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, strateji tərəfdaşlığa dair Saziş layihəsi üzrə danışıqların gedişi ətrafında fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov yeni sazişin siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar və digər sahələri əhatə etdiyini, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin hərtərəfli inkişafı üçün mühüm çərçivə yaratdığını qeyd etdi. Tərəflər Aİ və Azərbaycan arasında açıq səma sazişi üzrə danışıqların da uğurla davam etdiyini bildirdilər.

Jan-Kristof Belliard ölkəmizdə mövcud olan stabilliyi və iqtisadi sahədə aparılan islahatları, o cümlədən ASAN xidmətin fəaliyyətini təqdir etdi.

Görüşdə həmçinin, Aİ Siyasi və Təhlükəsizlik Komitəsinin və Komitə yanında akkreditasiya olunan Aİ üzv ölkələrinin səfirlərinin Azərbaycana səfəri, sözügedən nümayəndə heyətinin dövlətimizin başçısı tərəfindən qəbulu və aparılmış səmimi və geniş müzakirələrə toxunuldu və bu səfərin Aİ və Azərbaycan arasında dialoqun inkişafına mühüm töhfə verdiyi bildirildi.

Elmar Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verərək, münaqişənin tezliklə həlli və qəbuledilməz olan status kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirdi.

Görüşdə beynəlxalq gündəlikdə duran aktual məsələlər, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə qarşıdan gələn Zirvə toplantısı barəsində fikir mübadiləsi aparıldı.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti