news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 sentyabr 2020

No:284/20, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri ilə keçirilmiş görüşünə dair məlumatı

Bu ilin 28 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Bilal Hayenin etimadnaməsinin surətini qəbul edib.

Nazir Ceyhun Bayramov səfir Bilal Hayeni təyinatı münasibətilə təbrik edərək, Azərbaycan və Pakistan arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini dilə gətirdi. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan yüksək əməkdaşlıq, habelə çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı dəstək məmnunluqla vurğulandı.

Sonra Nazir Ceyhun Bayramov bu ilin 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı törətdiyi yeni təcavüz aktı barəsində danışaraq, Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca Azərbaycan mövqelərini  və kəndlərini atəşə tutduğunu və nəticədə mülki əhali arasında itkilərin olduğunu diqqətə çatdırdı. Bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğunu bildirən Nazir, Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyini bildirdi. Bu xüsusda, Nazir Ceyhun Bayramov qardaş ölkə olan  Pakistanın hər zaman olduğu kimi bugünkü gündə də nümayiş etdirdiyi dəstəyinə görə təşəkkürünü ifadə etdi 

Öz növbəsində  səfir Bilal Haye ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələlərin  yüksək səviyyədə həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğuladı.

Səfir, həmçinin Azərbaycanın haqlı mübarizəsində Pakistanın hər zaman ölkəmizin yanında olduğunu vurğuladı.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti