No:283/18, Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan xarici işlər naziri David Zalkaliani ilə görüşdü
Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının İstanbulda keçirilən 7-ci Üçtərəfli Görüşü çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstandan olan həmkarı, xarici işlər naziri David Zalkaliani ilə görüşdü.
Nazirlər regionda ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafı baxımından ənənəvi hal almış üçtərəfli formatda keçirilən görüşlərin əhəmiyyətini vurğuladılar.
Strateji tərəfdaşlıq və mehriban qonşuluğa əsaslanan əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edən nazirlər Cənubi Qafqaz regionundakı mövcud münaqişələrin sülhü, təhlükəsizliyi, sabitliyi və iqtisadi inkişafı təhlükə altına aldığını, bu səbəbdən status kvonun davamlı olmadığını və qəbuledilməzliyini xüsusilə vurğuladılar. Bu xüsusda nazirlər Azərbaycan və Gürcüstanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, bir-birilərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bir daha bəyan etdilər.
Regionda həyata keçirilən mühüm layihələr ətrafında fikir mübadiləsi aparan nazirlər 30 oktyabr 2017-ci il tarixində açılmış Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin bütövlükdə regionun iqtisadi inkişafına böyük töhfə verəcəyinə əminliklərini vurğuladılar.