news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 oktyabr 2017

No:282/17, Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ilə görüşüb

Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edildi və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulandı. Xatırladıldı ki, bu il Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlər qurulmasının 25 illiyi qeyd edilir və bununla əlaqədar hər iki ölkə Prezidenti və xarici işlər nazirləri arasında qarşılıqlı təbrik mübadiləsi həyata keçirilib.

Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin strateji xarakter daşıdığını və beynəlxalq gündəlikdə duran məsələlərlə bağlı mövqelərin üst-üstə düşdüyünü qeyd etdi.

Nazirlər Azərbaycan Respublikası və Ukrayna arasında yüksək səviyyəli məsləhətləşmə mexanizmi olan Prezidentlər Şurası, Hökumətlərarası birgə Komissiya, Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini, habelə XİN-lərarası siyasi məsləhətləşmələri yüksək qiymətləndirdilər.

Pavlo Klimkin Azərbaycanla Ukrayna arasında siyasi münasibətlərin mükəmməl olduğunu, iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirdi və ticarət dövriyyəsində yüksək artım dinamikasının müşahidə edildiyini dedi.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında uğurlu əməkdaşlığın qurulduğunu, BMT və onun ixtisaslaşmış qurumları, ATƏT, Avropa Şurası, həmçinin regional təşkilatlar olan QDİƏT və GUAM çərçivəsində bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdilər.

Nazirlər Azərbaycan və Ukraynanın daim bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini, regiondakı münaqişələrin dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində həllinə tərəfdar olduqlarını bəyan etdilər.

Tərəflər, həmçinin regional nəqliyyat layihələri, o cümlədən Şimal-Cənub, Şərq-Qərb marşrutlarının imkanları, iqtisadi və vaxt baxımından üstünlükləri, Ukraynadan gələn bəzi yüklərin Azərbaycan ərazisindən keçməklə Orta Asiya ölkələrinə nəqli məsələlərini müzakirə etdilər.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətdən danışdı və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğuladı. Nazir münaqişənin BMT TŞ-nın müvafiq qətnamələrində də təsbit olunduğu kimi, münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırdı.

Görüşdə həmçinin, ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, enerji, elm-təhsil, turizm, kənd-təsərrüfatı, mədəniyyət, metro, aviasiya, əczaçılıq və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

                                       


 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti