news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 iyul 2024

No:282/24, Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli görüşünə dair Birgə Bəyanat

Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli görüşünə dair
 
Birgə Bəyanat

 

3 iyul 2024-cü il tarixində Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev, Türkiyə Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Zati-aliləri Şahbaz Şərif Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 24-cü iclası çərçivəsində Astanada görüşüblər.
 
Üçtərəfli zirvə görüşündə Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər, həmçinin Qəzza, Kipr, Kəşmir, İslamofobiya kimi regional və qlobal məsələlər müzakirə olunub.
 
Daha öncə Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində parlament spikerləri və xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşlərin həmçinin dövlət başçıları səviyyəsində təşkili nəzərdə tutulur. Habelə, üç ölkə arasında əməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün ortaq niyyət təsdiqlənib.
 
Azərbaycan-Türkiyə-Pakistan arasında üçtərəfli əməkdaşlığın möhkəmləndirilməsinin üç ölkənin xalqlarının inkişafı ilə yanaşı, regional və qlobal sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyinə dair razılıq ifadə olunub.
 
Üç ölkə suverenlik və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq münaqişələrin həllində müvafiq ölkələr arasında dialoqun prioritetləşdirilməsini dəstəklədiklərini bildiriblər.
 
Transmilli təhdidlərə, xüsusilə terrorizmə qarşı mübarizədə üç ölkə arasında əməkdaşlığın və bu məsələnin birgə həllinin vacibliyi də bir daha təsdiqlənib.
 
Üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində növbəti görüşlər hər üç ölkədə, yəni Azərbaycan, Türkiyə və Pakistanda keçiriləcək.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti