No:282/18, Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının Xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşdü
Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin İstanbulda keçirilən 7-ci Üçtərəfli Görüşü çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Türkiyədən olan həmkarı, xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşdü.
Görüşdə iki dost və qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluq ifadə edildi.
Nazirlər strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd etdilər.
Tərəflər hər iki ölkənin iştirakı ilə həyata keçirilən mühüm enerji, nəqliyyat, tranzit, logistika və digər layihələr ətrafında fikir mübadiləsi apardılar. Nazirlər, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin regionun inkişafına, insanlararası təmasların və ticarət dövriyyəsinin artmasına mühüm töhfə verəcəyinə əminliklərini bildirdilər. Azərbaycan və Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələrinin Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağını tərəflər xüsusilə qeyd etdilər.
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Azərbaycanın substantiv danışıqlara hazır olduğunu bildirdi. Nazir E.Məmmədyarov BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə zidd olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun bütün region üçün ciddi təhlükə mənbəyi olduğunu vurğuladı.