No:280/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbir və sərgiyə dair məlumatı
9 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
Tədbirdə AR XİN-in rəhbər heyəti, Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi, əməkdaşları, habelə ölkəmizdə səfərdə olan Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti iştirak edib.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan İslam Respublikasının Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk dövlətlərdən biri olduğunu qeyd edib. İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, hərbi və digər sahələrdə inkişaf edən əlaqələrin mövcudluğunu qeyd edən nazir müavini, ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətləri məmnunluqla vurğulayıb. Həm keçmiş Ermənistan-Azərbaycan münaqişəsi dövründə, həm 44 günlük Vətən müharibəsi, həm də post-münaqişə dövründə Pakistanın Azərbaycana siyasi dəstək göstərdiyini nazir müavini minnətdarlıqla vurğulayıb. İki dost və qardaş ölkə arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə dair inam ifadə edilib.
Daha sonra çıxış edən Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Bilal Haye Azərbaycan və Pakistan arasında münasibətlərin ümumi tarixi, dini və mədəni köklərə malik olduğunu bildirib. Səfir Pakistan İslam Respublikasının hər zaman Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq aləmdə tanınmış sərhədlərinin pozulmazlığına tam dəstək göstərdiyini bildirib. Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə səmərəli əməkdaşlığın mövcud olduğunu bildirən səfir Bilal Haye, bundan sonra da Azərbaycan və Pakistan arasında müxtəlif sahələrdə münasibətlərin daha da inkişaf etməsinə dair inamını bildirib və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə öz səmimi təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda iştirakçılar Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.