No:279/18, Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Rudolf Miçalka ilə görüşdü
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həlli prosesi və ATƏT-lə Azərbaycan arasında münasibətlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparıldı.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunun münaqişənin həllində əsas maneə olduğunu diqqətə çatdırdı.
Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in müvafiq sənədləri əsasında həll edilməli olduğunu qeyd edən nazir Elmar Məmmədyarov işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdlərinin Ermənistanın da 1993 ildə qoşulduğu 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə Protokollara zidd olduğunu xüsusilə vurğuladı.
Rudolf Miçalka ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilk dəfə regiona səfər etdiyini bildirərək ətraflı məlumata görə təşəkkürünü ifadə etdi.