No:275/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbir və sərgiyə dair məlumatı

6 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

 

Tədbirdə AR XİN-in rəhbər heyəti, Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi və əməkdaşları, Milli Məclisin üzvləri və digər qonaqlar iştirak edib.

 

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov iki ölkə arasında münasibətlərin və əməkdaşlığın bugünkü səviyyəsinin məmnunluq doğurduğunu ifadə edib. Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi, energetika, informasiya texnologiyaları, təhlükəsizlik, turizm, kənd təsərrüfatı, nəqliyyat sahələrində inkişaf edən ikitərəfli münasibətləri qeyd edən nazir müavini Xələf Xələfov, beynəlxalq təşkilatlar çərçivəsində də siyasi əlaqələrimizin inkişaf etdiyini bildirib. İki ölkə arasında strateji xarakter daşıyan münasibətləri xarakterizə edən Xələf Xələfov, ölkələrimiz arasında beynəlxalq hüququn təməl prinsiplərinə, o cümlədən sərhədlərin toxunulmazlığı, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmətə əsaslanan dost münasibətlərin mövcud olduğunu qeyd edib.

 

Daha sonra çıxış edən Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov Azərbaycan və Bolqarıstanın qarşılıqlı hörmət əsasında dost münasibətləri saxladığını və əlaqələrin son 30 il ərzində dinamik inkişaf etdiyini məmnunluqla qeyd edib. Səfir, iki ölkə arasında diplomatik münasibətlərin əsasının 1992-ci ildə qoyulmasına baxmayaraq əlaqələrimizin tarixinin bundan daha qədim olduğunu ifadə edib. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun 31 may – 1 iyun 2022-ci il tarixlərində Bolqarıstana baş tutmuş rəsmi səfərini xatırlayan səfir, sözügedən səfər çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin rəhbərliyi ilə Azərbaycan-Bolqarıstan Strateji Dialoqunun ikinci iclasının keçirilməsini, Azərbaycanın xarici işlər nazirinin, həmçinin Bolqarıstanın Prezidenti, Baş naziri və Xalq Məclisinin Sədri ilə önəmli görüşlərinin keçirildiyini bildirib. İki ölkə arasında ikitərəfli əlaqələrin əsas məqamlarını özündə əks etdirən sərginin təşkilinə görə təşəkkürünü ifadə edən səfir Nikolay Yankov, Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə öz təbriklərini çatdırıb, iki ölkə arasında mövcud olan dostluq və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsini arzulayıb.

 

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti