No:272/23, Nazir Ceyhun Bayramovun Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşündə çıxışına dair mətbuat məlumatı

17 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşündə çıxış edib.

 

Nazir Ceyhun Bayramov Azərbaycanın Avropa Şurasını, Avropa məkanında insan hüquqları, demokratik dəyərlər və qanunun aliliyinin qorunması istiqamətində qarşılıqlı fəaliyyətin göstərilməsi baxımından mühüm platforma kimi dəyərləndirdiyini qeyd edib. 

 

Bu xüsusda, Azərbaycanın hər zaman olduğu kimi konstruktiv dialoqa və birgə fəaliyyətə hazır olduğu diqqətə çatdırılıb.

 

Çıxış zamanı, öz müstəqilliyini əldə etdiyi andan ərazi bütövlüyünün, suverenliyinin pozulması, hərbi işğal faktı ilə üzləşən bir ölkədən, qlobal təhlükəsizliyə töhfə verən ölkəyə çevrilən Azərbaycanın 30 ilə yaxın davam etmiş münaqişənin bitməsindən sonra bölgədə sülh gündəliyinin təşəbbüskarı olduğu bildirilib.

 

Nazir Ceyhun Bayramov, regionda sülh və təhlükəsizliyin bərqərar olunması üçün şanslarla zəngin post-münaqişə dövründə danışıqlar prosesi çərçivəsində əldə olunmuş uğurların azlığına baxmayaraq, Azərbaycanın prosesin irəlilədilməsində qərarlı olduğunu, habelə qarşı tərəfdən də eyni yanaşmanı gözlədiyini qeyd edib.

 

Bununla yanaşı, Azərbaycanın münaqişə nəticəsində fundamental hüquqlarından məhrum olmuş vətəndaşlarımızın öz yurdlarına qayıdışını təmin etmək məqsədilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri apardığı, habelə erməni əsilli Azərbaycan vətəndaşlarının cəmiyyətimizə inteqrasiyası istiqamətində əməli tədbirlər istiqamətində niyyət vurğulanıb. 

 

Bununla yanaşı, Ermənistan tərəfindən mina təhdidinin davam etdirilməsinin və səhih mina xəritələrinin təqdim olunmamasının görülən işlərə maneə törətdiyi diqqətə çatdırılıb.

 

Nazir eyni zamanda, Ermənistanın 30 illik təcavüzü nəticəsində 4000-ə yaxın itkin düşmüz azərbaycanlıdan hələ də xəbər olmadığı və Ermənistanın bu istiqamətdə məlumatları bölüşməkdən imtina etdiyini bildirib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti