news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 iyun 2022

No:269/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə görüşünə dair məlumatı

Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində 1 iyun 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Baş naziri Kiril Petkov ilə görüşüb.

 

Baş nazir Azərbaycan xarici işlər nazirini salamlayaraq, cari səfərin əhəmiyyətini qeyd edib. Azərbaycanın Bolqarıstan üçün çox önəmli bir vaxtda enerji sahəsində ölkəyə yardım etdiyini səsləndirən Baş nazir Kiril Petkov Azərbaycan Prezidenti İlham Əliyevin bu xüsusda rolunu vurğulayıb və Azərbaycan dövlətinin etibarlı tərəfdaş olduğunu qeyd edib.

 

Nazir Ceyhun Bayramov səmimi qəbula görə təşəkkür edib. İki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi sahədə də dinamik inkişaf ilə müşayiət edildiyi ifadə olunub.

 

Tərəflər, ikitərəfli əlaqələrin bir sıra sahələrdə, o cümlədən enerji, iqtisadi-ticarət, informasiya texnologiyaları, nəqliyyat-tranzit, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti iclasının keçirilməsinin iqtisadi əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd olunub.

 

Nazir Ceyhun Bayramov Baş nazirə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minaların təmizlənməsi, sülh quruculuğu istiqamətində Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə məlumat verib.

 

Görüşdə, regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti