news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 sentyabr 2019

No:269/19, Azərbaycan Respublikasının Xarici İşlər naziri, cənab Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupunun dördüncü iclasında çıxışı

Nyu York, 23 sentyabr 2019

 

Cənab Baş Katib,

Zati-aliləri,

Xanımlar və cənablar,

Mən, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupunun dördüncü iclasını təşkil etdiyinə görə Baş katib Dr. Yusef Ahmed Al-Othaimenə təşəkkür etmək istərdim. Həmçinin Qrupun üzvlərini səmimi salamlayır və bu iclasda iştirak etdikləri üçün onların hər birinə təşəkkürümü bildirirəm.

Əziz Həmkarlar,

Ermənistan və Azərbaycan arasında münaqişə baş qaldırandan bəri İƏT, Azərbaycana qarşı təcavüzü pisləyərək, Ermənistanı, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörməti bir daha təsdiqləyən, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini yerinə yetirməyə çağıraraq prinsipial mövqe nümayiş etdirmişdir. Bu qətnamələr hələ də icrasını gözləyir, onlar qüvvədə olaraq qalır və məcburi xarakter daşıyır. Fürsətdən istifadə edərək, bir daha İƏT üzv dövlətlərinə Azərbaycanın haqlı mövqeyi ilə həmrəy və ona dəstək olduqlarına görə minnətdarlıq bildirmək istəyirəm.

Ermənistanın Baş naziri Nikol Paşinyanın 5 avqust 2019-cu il tarixində Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfəri zamanı Azərbaycanın ayrılmaz hissəsini - Dağlıq Qarabağı Ermənistan ərazisi kimi elan edən məsuliyyətsiz bəyanatı ilə əlaqədar ciddi narahatlığımızı ifadə edir və bunu qəti şəkildə rədd edirik. Çıxışında N. Paşinyan, beynəlxalq səviyyədə sənədləşdirilmiş günahsız insanların qətliamına, bir milyondan çox azərbaycanlı mülki əhalinin etnik təmizləməyə məruz qalmasına və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüquqlarından məhrum olmasına səbəb olan münaqişənin nəticələrini məmnunluqla dilə gətirmişdir. O, həmçinin utanmazcasına ATƏT-in Minsk Qrupunun himayəsi altında aparılan danışıqların məqsədini "müharibənin… nəticələrini qorumaq" kimi xarakterizə edərək təhrif etmişdir. Bu addım, Ermənistan hökumətinin müxtəlif üzvləri tərəfindən səsləndirilən "bir qarış torpağın” Azərbaycana qaytarılmaması və “yeni ərazilər üçün yeni müharibə” kimi təxribatçı bəyanatların, habelə etnik təmizləməyə məruz qalmış Azərbaycan ərazilərinə erməni sakinlərinin məskunlaşdırılması və işğal olunmuş ərazilərin təbii sərvətlərinin qeyri-qanuni istismarı üzrə Ermənistan tərəfindən aparılan fəaliyyətin davamı kimi atılmışdır.

Ermənistan hökumətinin son təxribatçı bəyanatları və hərəkətləri sübut edir ki, Ermənistanın hazırkı hökuməti beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozulması məsuliyyətsiz yolunu davam etdirir.

Təəssüf ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində aparılan vasitəçilik səyləri bu günə qədər bir nəticə verməmişdir. Atəşkəs rejiminin qurulmasına baxmayaraq, Azərbaycanda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin cəbhə xətti boyunca yerləşən şəhər və kəndlərə və iki dövlət arasındakı sərhədə olan, Azərbaycan hərbçilərinin və mülki şəxslərin öldürülməsi və yaralanması ilə nəticələnən hücumlar davam edir.

Ermənistan, ATƏT-in Minsk Qrupunun himayəsi altında aparılan danışıqlarda sadiq şəkildə iştirak etmək əvəzinə, işğal və etnik təmizləmənin nəticələrinin möhkəmləndirilməsi üçün vaxt qazanmaq məqsədi ilə Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə dair beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən öhdəliyindən sui-istifadə edir və danışıqlar prosesini ləngitmək və həll yolundan qaçmaq üçün hər fürsətdən yararlanır.

Azərbaycan hökuməti hesab edir ki, qaydalara əsaslanan beynəlxalq düzəni dəstəkləmək öhdəliyi daşıyan beynəlxalq ictimaiyyət Ermənistan hökumətinə heç bir cəzasızlıq hissi və münaqişəni uzatmaq üçün hər hansı bir fürsət verməməlidir.

Ermənistanın məsuliyyətsiz davranışı fonunda sülh danışıqlarının gələcəyi, dərin narahatlıq doğuran bu məsələdə dərhal və əzmkarlıqla davranmaq üçün beynəlxalq birliyin, o cümlədən İslam ümmətinin bacarıq, istək və qətiyyətindən asılıdır.

Bu xüsusda, biz İƏT üzv dövlətlərinin Ermənistanı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün effektiv siyasi və iqtisadi tədbirlər görəcəyini gözləyirik. Ümid edirik ki, İƏT üzv dövlətləri tərəfindən Xarici İşlər Nazirləri Şurasının 2016-cı ildə Dəkkədə keçirilən 45-ci iclasında "1992-ci il Xocalı qırğını qurbanları ilə həmrəylik haqqında" qətnamənin qəbul edilməsi, Xocalı şəhərində və Azərbaycanın digər işğal olunmuş ərazilərində törədilən cinayətlərin milli və beynəlxalq səviyyədə müharibə cinayətləri, insanlığa qarşı törədilmiş cinayətlər və soyqırımı kimi tanınması və pislənməsi üçün İƏT üzv dövlətlərinin səylərinə öz töhfəsini verəcəkdir.

Biz, İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupuna İƏT üzv dövlətləri tərəfindən İƏT-in münaqişə ilə bağlı qətnamələrinin icrasının qiymətləndirilməsi və bu istiqamətdə əməli addımların atılması üçün faydalı bir mexanizm olaraq böyük əhəmiyyət verir və bütün İƏT üzv dövlətlərini Qrupun işinə töhfə verməyə çağırırıq.

Sonda, hörmətli həmkarlar, İƏT üzv dövlətlərinə və İƏT-in Baş katibinə Azərbaycanın haqlı işinə davamlı dəstəklərinə və Ermənistanın təcavüzünü sona çatdırmaq üçün göstərdikləri səylərinə görə bir daha minnətdarlığımızı bildirirəm.

Təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti