No:268/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırır.

Sual: Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan “Qarabağın statusu məsələsi həll olunmayanadək sülh müqaviləsi olmayacaq” bəyanatını necə şərh edərdiniz?

 

Cavab: Görünür, T.Avinyan unudub ki, artıq seçkilər geridə qalıb; indi populizm deyil, real işlərlə məşğul olmağın zamanıdır.

 

Ümumiyyətlə, Ermənistan rəsmilərinin bölgədə yaranan yeni reallıqla uzlaşmayan və sülhü hər hansı əsassız məsələlər ilə şərtləndirməyə çalışan bəyanatları, ilk növbədə elə bu ölkənin özünə qarşıdır. Bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə edilməsinin ən yaxşı vasitəsi münasibətlərin normallaşmasıdır, bunun təməlində isə beynəlxalq hüquq prinsiplərinə hörmət və riayət dayanır. Bu, Azərbaycanın hər zaman nümayiş etdirdiyi mövqedir. Ərazilərimizin işğalı faktorunun aradan qaldırılması ilə biz qonşu Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğumuzu bəyan etdik, yeni əməkdaşlıq təşəbbüslərini dəstəklədik. Çünki biz destruktivlik deyil, konstruktivlik tərəfdarıyıq.

 

Qondarma “status” məsələsinə istinadlara gəldikdə, xatırlatmaq istərdik ki, bu xüsusda Azərbaycanın mövqeyi dəfələrlə və ən yüksək səviyyədə bəyan edilib. Dövlət başçımız 14 iyul tarixində səsləndirdiyi çıxışında bir daha vurğuladı: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı. Bütün Qarabağa aid olan rayonlar orada birləşib”.

 

Eyni zamanda, biz bəzi xarici nümayəndələr tərəfindən də oxşar fikirlərin irəli sürüldüyünü müşahidə edirik. Təəssüf ki, bu insanların səsləndirdiyi boş vədlər və xülyalar Ermənistana yaxşı heç nəyi vəd etmir. Bunu Ermənistan dərk etməli, keçmişdən və tarixdən nəticə çıxarmalıdır.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti