No:268/18, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Braziliyanın xarici işlər naziri Aloysio Nunes Ferreira iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib
Nazir Elmar Məmmədyarov məktubda Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə öz həmkarı Aloysio Nunes Ferreiranı təbrik edib.
Elmar Məmmədyarov qeyd edib ki, son illərdə iki ölkə arasında bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm təməl qoyulmuşdur. Nazir Azərbaycan və Braziliya arasında genişlənən ticarət və iqtisadi əlaqələrin ikitərəfli tərəfdaşlığa müsbət təsir göstərdiyini və gələcək illərdə bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün yeni imkanlar açdığını qeyd edib.
Braziliya Federativ Respublikasının xarici işlər naziri Aloysio Nunes Ferreira xarici işlər naziri Elmar Məmmədyarova ünvanladığı məktubda Azərbaycan Hökuməti və Xalqını iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbrik edib və 1993-cü ildə diplomatik münasibətlərin qurulmasından etibarən, xüsusilə Bakıda və Braziliada səfirliklərin açılmasından sonra ikitərəfli və çoxtərəfli səviyyələrdə dialoqun gücləndirildiyini qeyd edib. Nazir 2017-ci ildə özünün Bakıya səfərini xatırladaraq bunun Braziliya xarici işlər nazirinin Azərbaycana ilk səfəri olduğunu və səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən qəbul edildiyini xüsusi vurğulayıb.
Nazir Aloysio Nunes Ferreira 2016-cı ildə Azərbaycan ilə imzalanmış Ticarət və investisiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu kimi digər təşəbbüslər ilə yanaşı, birgə əməkdaşlığın Azərbaycanın Braziliyaya ixracı da daxil olmaqla, ikitərəfli ticarəti daha da artıracağına dair əminliyini ifadə edib.
Azərbaycan və Braziliya arasında diplomatik münasibətlər 21 oktyabr 1993-cü ildə qurulub.